Cənubi Qafqaz immunitetini gücləndirir: “3+3” təhlükəsizliyə nə vəd edir?
Video
18.10.2024 09:53
“3+3” formatındakı görüşlər mahiyyət etibarı ilə təşkilatlanma istiqamətində irəliləyişdir. Ancaq təəssüf ki, bu günə qədər 6-lıq platformanın bütün iştirakçıları bu görüşlərdə iştirak etməyib”.
Politoloq Samir Hümbətov bunu TodayPress-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Gürcüstanın daha öncə keçirilən iki görüşdə iştirak etməkdən imtina etməsi, eyni zamanda müəyyən vaxtlarda İranın təxribatları və Ermənistanın bu məsələdə vahid mövqeyinin olmaması “3+3” formatının işini ləngidib. Samir Hümbətovun fikrincə, son vaxtlar bu istiqamətdə stabilləşmə müşahidə olunur. Analitik "3+3" regional platformasının növbəti iclasında müzakirə olunacaq məsələlərə də diqqət çəkib:
“Görünən odur ki, burada birinci müzakirə olunacaq mövzu regional təhlükəsizlik məsələsi olacaq. Bundan başqa iqtisadi əməkdaşlıq, siyasi əlaqələrin möhkəmləndirilməsi, qeyri-region dövlətlərin bölgəyə təsirinin azaldılması istiqamətində region dövlətlərinin səy göstərməsi gündəmə gətiriləcək. Ermənistan bu prosesdə nə dərəcədə aktiv iştirak edəcək bunu görüşdən sonra biləcəyik”.
Qeyd edək ki, "3+3" regional platformasının növbəti - üçüncü iclası oktyabrın 18-də İstanbulda keçiriləcək. Toplantıda Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya və İranın xarici işlər nazirləri iştirak edəcək. Gürcüstan isə "3+3" platformasında iştirak edə bilməyəcəyini açıqlayıb.
Günəş Mərd
tag: Cənubi Qafqaz, Ermənistan, Azərbaycan, Rusiya, Gürcüstan, todaypress.az