Cənubi Koreyada “ŞİMAL KÜLƏYİ”: “Ölkədə yenidən hərbi çevriliş cəhdi olarsa…” - ŞƏRH
Video
05.12.2024 17:23
Cənubi Koreyada “ŞİMAL KÜLƏYİ”: “Ölkədə yenidən hərbi çevriliş cəhdi olarsa…” - ŞƏRH
Təhlil
04.12.2024 14:28
“Cənubi Koreyada baş verən hadisələr tamamilə fərqli qrupların siyasi müstəvidə apardığı müharibənin nəticəsidir”.
Politoloq Zeynal Əmrəliyev bunu Cənubi Koreyada yaşanan gərginliyi TodayPress-ə şərh edərkən bildirib.
O, diqqətə çatdırıb ki, indiki prezident Yun Sok-Yol “Xalqın gücü” blokunun namizədi olaraq prezident seçilib. Ancaq parlamentdəki əsas üstünlük müxalif Demokratik Partiyasındadır:
“Yun vaxtilə ölkənin baş prokuroru olub və ölkənin keçmiş prezidentlərinin həbsində aktiv rol oynayan şəxsdir. Onun baş prokuror olması Demokratik Partiyasından olan siyasətçilərin, əsas da keçmiş prezidentlərin həbs olunması, onların siyasi fəaliyyətinin qadağan olunması ilə nəticələndi. Daha sonra məhz baş prokuror Yunun prezident olmasına gətirib çıxardı. Belə görünür ki, indi o, yarımçıq qalmış işini tamamlamaq və ən böyük rəqibi olan Demokratik Partiyasını sıradan çıxarmaq istəyir”.
Analitikin fikrincə, Cənubi Koreya lideri üçün bu missiyanı uğurla tamamlamaq elə də asan olmayacaq:
“Çünki Cənubi Koreya parlamenti tamamilə Demokratik Partiyasının nəzarətindədir. Onların isə ölkə daxilindəki nüfuzu çox böyükdür. Parlament dövlət başçısının hərbi vəziyyət haqqındakı qərarını rədd etdikdən sonra ordu parlamenti müdafiə etməyə başladı. Artıq geri çəkildilər və dövlət başçısının əmrinə itaətsizlik göstərdilər. Bu da gözlənilən idi. Çünki Cənubi Koreya ordusunda oturuşmuş bir sistem var. Ordu həmin sistem əsasında da hərəkət edir. Parlament qərarı dəstəkləmirsə, ölkədə hərbi vəziyyət qərarı təxirə düşür. Bu Yunun ölkədəki nüfuzunun azalmasına səbəb oldu”.
Z.Əmrəliyev sonda diqqətə çatdırıb ki, əgər ölkə daxilindəki hazırkı vəziyyət tənzimlənərsə, böyük ehtimalla Cənubi Koreya parlamentində impiçment proseduruna başlanılacaq. Beləcə Yun yəqin ki, yaxın vaxtlarda dövlət başçısı vəzifəsindən azad ediləcək.
Amma ölkədə yenidən hərbi çevriliş cəhdi və yaxud da hərbi qüvvələrdən istifadə edərək öz hakimiyyətini möhkəmləndirmək cəhdləri olarsa, bunun bir ayağı yenə Şimali Koreyaya bağlanarsa, bu zaman müəyyən toqquşmaların olacağı gözlənilir.
Qeyd edək ki, dekabrın 3-də Cənubi Koreya prezidenti Yun Sok-Yol ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. O, qərarını Şimali Koreyayönlü qüvvələrin aradan qaldırılması və azad konstitusiya quruluşunu qorumaq zərurəti ilə izah edib. Dekabrın 4-də isə Koreya hökuməti hərbi vəziyyəti ləğv edib.
Günəş Mərd