“Bu, qrup terapiyasının standartlarına uyğun deyil” – “Azerina”nın məşhur seansı YALAN çıxdı

Video

26.02.2025 12:34

Son günlər sosial şəbəkələrdə qrup terapiyası edən “Azerina” adı ilə tanınan Əfsanə Qasımlının videoları yayılıb. Görüntülərdə o, “həkim”, digərləri isə “xəstə” libasındadır. Video davam etdikcə insanların çətin anlar yaşadığı, bəzilərinin yerə yıxıldığı və ağladığı görünür. Bir çox vətəndaş görüntülərə əsasən Əfsanə Qasımlının insanları aldatdığını iddia edib.   

Məsələ ilə bağlı psixoloq Sibel Piriyeva TodayPress-ə bildirib ki, psixologiyada psixodrama anlayışı var.

Buna əsasən pasient yaşadığı travmanı canlandırır, psixoloq isə adətən bu prosesə qoşulmur. Şəxs həmin yaşadığı hadisələri canlandırdıqca, travmasının üzərində işləmiş olur və bu zaman, o, 50-60% sağalmış sayılır. 

Psixoloq diqqətə çatdırıb ki, yayılan videodakı kimi fərqli geyimlər geyinərək obraza girmək olar. Lakin bu zaman sual yaranır: oradakı hər kəsin travması bir-birinə oxşar və ya yaxındır yoxsa, tamamilə fərqlidir? Tamam fərqlidirsə, eyni proses hamıya eyni təsir edə bilməz. Bu səbəbdən qədər çox insanın belə qrup terapiyasında olması sual doğurur.   

O bildirib ki, hər psixoloqun öz metodikası var. Lakin videodakı görüntülər qrup terapiyasının qaydalarına uyğun deyil:  “Psixodramanı psixoloq idarə etsə də, ən çox oynayan pasientlərin özləri olur. Hər dəfə bir şəxs digərinin travmasını canlandırır və bunun üzərində işləyir. Ola bilər ki, hansısa bir terapiya metodikasında dəyişiklik olsun. Mən psixoloqun metodikasına qarışa bilmərəm. Çünki hansı terapiyanın metodlarından, texnikalarından istifadə edirsə, özü bilir. Biz onu "Niyə həmin texnikadan istifadə etmisən?" deyə tənqid edə bilmərik. Lakin videodakı görüntülərin qrup terapiyasının qaydalarına, standartlarına uyğun olmadığını düşünürəm”. 

Qeyd edək ki, psixologiyada travmaları, pozuntuları aradan qaldırmaq, pasientlə işləmək üçün bir çox psixoterapiyalar mövcuddur. Bu psixoterapiyalar fərdi və qrup şəklində keçirilir. Qrup terapiyalarının da açıq və qapalı növləri var.   

Töhfə Səməd

tag: Azerina,Əfsanə Qasımlı,Həkim,Psixoloq,Sibel Piriyeva,todaypress.az