“Bu mənim avtomobilim deyil”: DYP-dən vətəndaşa “sürpriz” cərimə - AÇIQLAMA

Video

24.12.2024 14:49

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov qəribə vəziyyətlə üzləşib. O, Filippinin paytaxtı Manila şəhərində olduğu müddətdə adına cərimə gəldiyini iddia edir. Sədr deyir ki, cərimə “Chevrolet” markalı avtomobilə gəlib. Onun maşını isə “KİA”dır. Cərimə vərəqəsində qeyd olunub ki, o, Bakı-Qazax yolunda sürət həddini aşıb. Buna görə də 10 manat (endirimlə 9) cərimələnib. 

Məsələ ilə bağlı TodayPress Eyyub Hüseynov ilə əlaqə saxladı. O, bildirdi ki, məsələni həll etmək məqsədilə artıq Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyevə müraciət edib. 

"Mən Maniladayam və avtomobilim sürülmədiyi halda guya yol hərəkəti qaydalarını pozmuşam. Üstəlik cərimə edilən zaman çəkilən şəkilə baxıldıqda görünür ki, bu mənim avtomobilim deyil. Cərimə edən zaman mütləq formada maşının nömrəsi ilə yanaşı markasına baxmaq, daha sonra isə əgər uyğunlaşarsa, aktlaşdırmaq lazımdır. Əks halda bu formada cərimələrin edilməsi olduqca absurd və qəbuledilməzdir". 

Qeyd edək ki, E.Hüseynov heç kimə etibarnamə verməyib.

İddialara cavab tapmaq üçün TodayPress Respublika Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladı. İdarənin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirdi ki, sözügedən nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol verilən qayda pozuntusu foto və video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edilərkən texniki xəta səbəbindən barəsində yalnış elektron qərar çıxarılıb. “Məsələ tərəfimizdən araşdırılaraq texniki xəta aradan qaldırılıb” deyə o, diqqətə çatdırıb.

Töhfə Səməd

tag: Maşın, Cərimə, Etiraz ,Eyyub Hüseynov ,todaypress.az