“Bir uşaq 1 ildə neçə dəfə imtahan verər?!” – Misir Mərdanov ÜSYAN ETDİ
Video
16.04.2025 13:42
“Hazırda təhsil sistemimizdə ən böyük problemlərdən biri repititorluqdur”.
Sabiq təhsil naziri, professor Misir Mərdanov bunu TodayPress-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, ölkədə paralel təhsil sistemi yaranıb və şəxsiyyətyönümlü təhsildən daha çox imtahanyönümlü təhsilə doğru addımlayırıq:
“Bir ildə bir uşaq neçə dəfə imtahan verər? Birinci sinifə gedən uşaq necə imtahan verə bilər? Axı o hələ heç əlifbanı bilmir. Ümumiyyətlə, bugünkü imtahan sistemini düzgün hesab etmirəm. Ola bilər desinlər ki, bəs özün 15 illik fəaliyyətin dövründə bu işə necə baxırdın? Həmin adamlara demək istəyirəm ki, o zaman da sözümü demişəm. Ancaq əlbəttə ki, istədiklərimin hamısını icra etmək mümkün olmayıb”.
Professor diqqətə çatdırıb ki, hazırda dünyada yalnız iki fənndən – riyaziyyat və xarici dil üzrə imtahan verilir. Lakin bizdə şagirdlər 10-a yaxın fənndən imtahan verirlər. Ona görə də bu məsələdə ciddi dəyişiklik etmək, şəxsiyyətönümlü sistemə keçmək lazımdır.
Sabiq nazir hazırkı təhsil sistemində digər əsas problem kimi dərsliklərin ağır olmasını göstərib.
O, hesab edir ki, dərsliklər lazımsız, şagirdin yaşına uyğun olmayan materiallarla doldurulub.
Ona görə də şagirdlərdə dərslərə maraq aşağı səviyyədədir. Əsas problemlər də biri də məhz budur.
Töhfə Səməd