Bir mənzil iki nəfərə satılır: Fırıldaqçılardan necə qorunaq?
Video
17.07.2024 10:11
Daşınmaz əmlak əməliyyatları əhəmiyyətli maliyyə öhdəlikləri və mürəkkəb sənədləşmə işlərini əhatə edir ki, bu da təəssüf ki, onları fırıldaqçılar üçün hədəfə çevirir. Daşınmaz əmlakla bağlı fırıldaqçılığın müxtəlif növlərini başa düşmək və özünüzü necə qoruyacağınızı bilmək, əmlak alarkən, satarkən və ya icarəyə götürərkən çox vacibdir.
“Yeni tikilmiş çoxmənzilli binalarda ilkin sənəd alqı-satqı müqaviləsi olur. Vətəndaş mənzili alıb, pulu ödədikdən sonra ona həmin müqavilə verilir. Əgər mənzilin pulunu tam ödəyibsə, o zaman maliyyə arayışı da təqdim edilir”.
Bu sözləri TodayPress-ə verdiyi açıqlamada əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib. O, eyni mənzilin bir neçə nəfərə satılması halları ilə üzləşməmək üçün vətəndaşları daha diqqətli olmağa səsləyib.
“30 ilə yaxın bir müddət keçsə də, hələ də mənzillərin alqı-satqısı prosesində heç bir dəyişiklik aparılmayıb. Bu sistemi qaydasına salacaq müvafiq reyestrer yoxdur. Əslində planlaşdırılır ki, yeni tikilən binalarla bağlı reyester yaradılsın. Lakin mövcud sistem olmadığı üçün fırıldaqçı MTK rəhbərləri müəyyən səlahiyyətlərə sahib olduqlarına görə, bir mənzili bir neçə adama sata bilirlər. Bu əksərən yaşayış olmayan və ya təmiri tam başa çatmamış yeni binalarda baş verir”.
Ekspertin sözlərinə görə, mənzilin daha öncə kiməsə satılıb-satılmaması ilə bağlı bu gün təəssüf ki, heç bir data baza yoxdur. Vətəndaş mütləq formada kənardan (polis, prokurorluq, alqı-satqı ofisi, internet) bazar araşdırması aparmalıdır.
Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov isə bildirib ki, vətəndaşlar şübhəli mənzilləri almamalıdırlar. Ucuz ətin şorbası olmadığı kimi, insanlar da ucuz gördükləri evlərə qaçmamalıdırlar. Çünki hər hansısa fırıldaqçı özünə MMC yaradıb insanları aldada bilər:
“Belə hadisələr baş verən zaman məhkəməyə və polisə müraciət etmək lazımdır. Lakin təəssüf ki, sadəcə evə ilk pulu ödəyən, bu işdən haqqını alaraq çıxa bilir. Geridə qalanlar üçün vəziyyət heç də ürəkaçan deyil”.
Hüquqşünasın sözlərinə görə, vəziyyətdən asılı olaraq, fərqli maddələr ilə cinayət işi açılır. Məsələnin həm cinayət, həm də mülki tərəfi var. Ona görə də hər ikisinə də müraciət etmək lazımdır.
Töhfə Səməd