Baydenin Ukraynayla bağlı kritik qərarı

Video

18.11.2024 17:22

"Bayden Administrasiyasının Ukraynanın Rusiyanın dərinliklərinə zərbə endirməsinə icazəsi verməsi Ukrayna savaşının arealını genişləndirmək məqsədi daşıyır"

Politoloq Elçin Xalidbəyli bunu TodayPress-ə açıqlamasında deyib. 

Onun sözlərinə görə, Ağ Evdə tam dəqiqliklə bilirlər ki, Kreml Rusiyanın dərinliklərinə edirilən zərbələri cavabsız qoymayacaq:

"Üstəlik Kreml bu barədə açıqlama verərək Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək icazəsi verilməsini NATO-nun Ukrayna savaşında birbaşa iştirakı kimi qəbul olunacağını bildirib.  Rusiya buna cavab olaraq dərhal radikal əks zərbələr endirəcək. 

Əgər bu baş verərsə, Ukrayna müharibəsi qlobal müharibə təhlükəsi yaradacaq. Bu  sonrakı mərhələdə nüvə savaşına qədər inkişaf edəcək".

Analitik hesab edir ki, Bayden Administrasiyası və onun Qərbdəki bəzi müttəfiqləri Ukrayna savaşının sona çatmasını istəmirlər:

"Məlumdur ki, Donald Trampın administrasiyası hələ öz səlahiyyətlərinin icrasına başlamasa belə, Ukrayna savaşının dayandırılması istiqamətində addımlar atır. Bu, Bayden administrasiyası və NATO-dakı bəzi dövlətlərin maraqlarına cavab vermir. Ona görə də, elə bir şərait yaratmağa çalışırlar ki, Ukrayna savaşının dayandırılması mümkün olmasın.  Eyni zamanda Trampın Ukrayna əraziləri hesabına Rusiya ilə sülh sazişi məsələsində anlaşması baş tutmasın. Əksinə Ukrayna savaşı o qədər qəlizləşsin ki, Trampın sülh fəaliyyəti üçün heç bir münbit şərait qalmasın".

Siyasi şərhçinin qənaətinə görə, bu proseslərin arxasında qorxunc hədəflər dayanır və bu hədəflər reallığa çevrilərsə, Trampın sülh planları pozulmuş olacaq. Eyni zamanda Ukrayna savaşı öz arealını genişləndirəcək. Nəticədə qlobal savaş yaranacaq və bəşəriyyət nüvə müharibəsi ilə qarşılaşacaq.

Qeyd edək ki, ABŞ-nin hazırkı lideri Cozef Bayden ilk dəfə olaraq Ukraynanın Rusiya ərazisində uzaqmənzilli ATACMS raketlərinin istifadəsinə icazə verib. Əgər bu baş verərsə, Bayden yanvar ayına qədər, yəni Trampın andiçməsinə qədər Rusiyaya çox sarsıdıcı zərbələr vuracaq.

Günəş Mərd

tag: Ukrayna, Bayden, Rusiya, Tramp,Müharibə, todaypress.az