Baxımsız qalan tarixi abidə: Tbilisinin Bakıya xüsusi hədiyyəsi yararsız hala düşdü - REPORTAJ

Video

03.10.2024 10:58

Hər il ölkəmizdə müxtəlif parklar salınır, abidələr bərpa olunur və bu istiqamətdə  təmir-bərpa işləri həyata keçirilir. Lakin bir sıra abidələr var ki, sözügedən təmir-bərpa işlərindən kənarda qalır. Elə Bakının Tbilisi prospektindəki mühüm tarixə malik “Azad olunmuş enerji” abidəsi kimi.

TodayPress xəbər verir ki, güc, enerji rəmzi olan at heykəlini gürcü heykəltəraşı Georgi Caparidze ilə Azərbaycan memarı Elbay Qasımzadə hazırlayıb. Abidə Azərbaycan-Gürcüstan əlaqələrinin, dostluq və qardaşlığın rəmzi hesab olunur.  

Memar Elbay Qasımzadənin sözlərinə görə, bu abidə Şevardnadzenin Ulu Öndərin yubileyi, 75 illiyi münasibətilə Azərbaycan xalqına, Bakıya xüsusi hədiyyəsi idi: 

“O vaxt Bakının baş memarı mən idim və Ulu Öndər bu işi mənə həvalə etmişdi. Heykəlin hazırda yerləşdiyi ərazini də mən seçmişəm. Gürcüstanın hədiyyə etdiyi heykəl təbii ki, Tbilisi prospektində olmalı idi. Layihə ilə bağlı Tbilisiyə getdim. Georgi Caparidzeyə təklif etdim ki, gəl düşünək ki, bu at nəyinsə rəmzidir. Yeraltından çıxan enerji kimi, qayaları yarıb çıxan at hazır edək. İdeya çox xoşuna gəldi. O, kompozisiya da həmin ideya əsasında yarandı”.

Təəssüf ki, bir vaxtlar sakinlərin istirahət və eyni zamanda əyləncə yeri olan, eləcə də tarixi əhəmiyyətə malik bu park hazırda baxımsız vəziyyətdədir. Parkda əvvəllər əyləşmək üçün nəzərdə tutulan skamyalar indi yararsız hala düşüb. Abidənin ətrafındakı ağaclara qulluq edən isə tapılmır. Hətta bir qismi tamamilə quruyub. Ərazidəki parkın baxımsız vəziyyətdə olması ilə bağlı sualımızı isə tabeliyində olan Nəsimi Rayon İcra Hakimiyyətinə ünvanlasaq da, təəssüf ki, zənglərimiz cavabsız qaldı. 

Abidənin hazırkı vəziyyəti isə heç də ürəkaçan deyil. Üzərindəki mərmər üzlü lövhələrdən ikisi qopub. Ətrafını isə kol-kos basıb. Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Bildirildi ki, abidə ölkə əhəmiyyətli bağ-park, monumental və xatirə abidəsi kimi dövlət qeydiyyatındadır. Onun bərpa olunması təmin olunacaq. Amma nə vaxt? Bu məchuldur.

Ümid edirik ki, Azərbaycan-gürcü xalqlarının dostluğunu əks etdirən “Azad olunmuş enerji” abidəsi tezliklə bərpa olunub öz əvvəlki şöhrətini geri qaytaracaq. 

Mövzunu diqqətdə saxlayacağıq.

Günəş Mərd

tag: Azərbaycan ,Park ,Elbay Qasımzadə ,Georgi Caparidze ,Abidələr ,todaypress.az