Baş nazir Castin Trüdo istefaya çağırıldı: Paşinyanın yaxın dostu çətin vəziyyətdə - ŞƏRH
Video
25.12.2024 14:57
Kanada parlamentinin Liberal Partiyasından olan üzvlərinin üçdə birindən çoxu baş nazir Castin Trüdonu istefaya səsləyiblər. Deputatlar bildirir ki, kanadalılar ona olan inamını artıq tamamilə itiriblər. Trüdanın Baş nazir postu üçün etibarlı namizəd olmadığına inanırlar. Nikol Paşinyanın ən yaxın dostlarından biri hazırda çətin vəziyyətdədir.
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov TodayPress-ə bildirib ki, Qərb dövlətlərində bu cür bəyənatların vaxtaşırı şahidi oluruq. Çünki orada hökümət parlament və cəmiyyət qarşısında hesabatlı fəaliyyət göstərirlər.
“Baş nazir Castin Trüdonun dövründə bir sıra yeniliklər həyata keçirilsə də onun Fransa təsiri altında olması Kanada cəmiyyəti tərəfindən də birmənalı olaraq qarşılanmır. Hətta partiya üzvlərindən bu məsələyə etiraz bildirənlər də az deyil. Kanada inkişaf etmiş ölkə olsa da hərbi və siyasi gücə malik deyil. Dünyada ABŞ-nin, müəyyən qədər isə Fransanın təsiri altında olan bir ölkə kimi qəbul olunur. Buna görə də qlobal siyasətə və yaxud da münaqişələrə aktiv müdaxilə etmə təsirinə malik deyil”.
Analitikin sözlərinə görə, Kanada son vaxtlar Cənubi Qafqazdakı və Yaxın Şərqdəki, o cümlədən Türkiyə ilə bağlı məsələlərdə “fəallıq” göstərir. Bunun da əsas səbəbi sözsüz ki, Fransa ilə olan əlaqələrdir:
“Trüdonun Makronla əlaqələrindən savayı, onun xarici işlər naziri də fransız əsillidir və erməni diasporasının təsiri altında olan siyasətçilərdəndir. Kanadanın yersiz müdaxilələri həm daxildə, həm də digər regionlarda ölkəyə qarşı antipatiya əsaslı münasibətlər formalaşdırır. Avropa İttifaqının mülki müşahidə missiyasına Fransanın polislərinin qoşulması da məhz bu qəbildəndir”.
Qeyd edək ki, Trüdo Paşinyanın baş nazir seçilməsindən az sonra – 2018-ci il oktyabrın 7-12-də Beynəlxalq Frankofoniya Təşkilatının İrəvanda keçirilən XVII sammitində iştirak etmək üçün İrəvanda səfərdə olub. Təbii ki, həmin sammitdə Fransa prezidenti Emmanuel Makron da iştirak edib. Hazırda isə iki ölkənin Baş nazirləri arasında yaxın dostluq əlaqələri də mövcuddur.
Güman etmək olar ki, bütün bu amillər Kanadanın ermənipərəst siyasət yürütməsində vacib rol oynayan faktorlardır. Kanada rəhbərliyi Ermənistanın tərəfini tutmaqla Fransa ilə həmrəylik nümayiş etdirmək istəyir. Trüdo özü də frankofondur, yəni soykökü fransızdır. Buna görə də rəsmi Ottavanın tez-tez Ermənistan–Azərbaycan münasibətləri barədə qərəzili bəyanatlar verməsi, vəziyyəti gərginləşdirən təşəbbüslərlə çıxış etməsi heç də təəccüb doğurmur.
Töhfə Səməd