Bakıdan İrəvana böyük güzəşt: “Sülh sazişini imzalamaq ərəfəsindəyik” - Politoloqdan iddialı açıqlama

Video

04.01.2025 12:07

“2024-cü ili Azərbaycan-Ermənistan arasında sülh mətninin əsas müddəlarının razılaşdırılması ili oldu deyə bilərik”. 

Politoloq Natiq Miri bunu 2024-cü ildə Rəsmi Bakı və İrəvanın sülh prosesindəki gəlişmələri TodayPress-ə şərh edərkən bildirib.  

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sülh prosesi kontekstində, bu il sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı yaradılmış komissiyaların əsasnaməsinin ratifikasiyası mühüm hadisələr sırasındadır: 

“Digər tərəfdən, bilirsiniz ki, bütün kommunikasiyaların bərpası məsələsi Azərbaycanın tələb etdiyi Zəngəzur dəhlizinin açılmasına bağlıdır. Burda ciddi irəliləyişin olduğunu demək olmaz. Doğrudur, dövlət başçılarının son dəfə Kazanda keçiriliən BRICS sammitindəki görüş kommunikasiyaların açılması məsələsində irəliləyişə doğru bir addım oldu. Bunun təfərrüatları tam bəyan olunmasa da, ehtimal edilir ki, Ermənistan Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir yolunun tikintisində maraqlıdır. Onlar bununla bağlı Azərbaycana konkret təkliflər də göndərib. Ancaq hələlik rəsmi Bakı buna cavab verməyə tələsmir. Yəni, qismən də olsa, Ermənistan hökumətində kommunikasiyaların açılması məsələsində bir hərəkətlilik var”.  

Analitik diqqətə çatdırıb ki, sülh məsələsində çərçivə sazişi kontekstində xeyli irəlləyiş əldə olunub. O, vurğulayıb ki, hazırda sülh sənədini imzalamaq üçün elə bir cidd əngəl yoxdur. Ancaq Azərbaycanın sülh mətninə daxil etmədiyi iki strateji tələbi var ki, bu da onun üçün əsas məsələdir: 

“Elan olunduğu kimi 17 müddəadan 15-i razılaşdırılıb. Digər 2 məqam da əslində sənədin imzalanmasına ciddi əngəl deyil. Yəni, qarşılıqlı olaraq, Beynəlxalq Məhkəmələrə iddiaların qaldırılmaması məsələsində razılığa gəlmək olar. Çünki əks təqdirdə, Azərbaycanın zərərlə bağlı araşdırma və hesabatlarına əsasən Ermənistanı 150 milyardlıq təzminat gözləyir. Bu baxımdan Azərbaycan tərəfindən bu, Ermənistana ediləcək böyük bir güzəştdir. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yer alır və bu konstitusiyanın preambulası da bilavasitə istinad kimi göstərilir. Azərbaycan bu iddiaların aradan qaldırılmasını tələb edir”. 

N.Mirinin qənaətincə, digər bir məsələ ATƏT-in Minsk qrupunun ləğvidir ki, bu da həll olunmayacaq bir məsələ deyil. Çünki Azərbaycan öz problemini həll edib. Bu, ölü bir qurumdur və ölülərlə bağlı atılacaq addım bəllidir. Bu qurumu basdırmağa ehtiyac var. Ancaq bunun üçün münaqişə tərəfləri qarşılıqlı olaraq birgə müraciət etməlidirlər. Ermənistan bunu da edə bilər. Politoloqun fikrincə, çərçivə sazişinin Donald Trampın andiçmə mərasimindən sonra baş tutma ehtimalı var.   

Qeyd edək ki, hər iki tərəfdən verilən müsbət mesajları nəzərə alsaq, deyə bilərik ki, sülh sazişi layihəsinin böyük hissəsi əsasən razılaşdırılıb. Bununla belə, sülh sazişi layihəsində bəzi məqamlarla bağlı tərəflər arasında fikir ayrılıqları qalmaqdadır.   

Günəş Mərd

tag: Azərbaycan ,Ermənistan ,Sülh ,Natiq Miri, todaypress.az