Bakıdan dünyaya yenidən sülh mesajı verildi: “Ermənistanın siyasi iradəsi çatsa...” – ŞƏRH
Video
04.04.2025 18:26
“Cənab Prezident İlham Əliyevin Ermənistanla sülh müqaviləsi bağlamağa dair mövqeyi istər Azərbaycan, istər Ermənistan, istərsə də dünya ictimaiyyətinə hər zaman aydın olub”.
Milli Məclisin deputatı Musa Quliyev bunu TodayPress-ə danışarkən deyib.
Analitik vurğulayıb ki, Azərbaycanın tələbləri legitimdir. Bu tələblər, beynəlxalq hüquq normalarına, ədalətə, sülhə, barışığa əsaslanır.
“Şərtlərimiz Ermənistan üçün bəllidir, burada yenilik yoxdur. Bu şərtləri uzun müddətdir ki, irəli sürürük. Ermənistan dəfələrlə yekun sülhlə bağlı imzalanacaq müqaviləni süni formada dəyişməyə cəhd göstərsə də, biz müqavilənin üzərində daim işləməyə hazır olduğumuzu bildirmişik. Müqavilə artıq hazır vəziyyətinə gətirilib. Ancaq onun imzalanması üçün iki şərtimiz mütləq qəbul olunmalıdır. Bunlar ATƏT-in Minsk qrupunun buraxılması və Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsidir”.
Millət vəkili diqqətə çatdırıb ki, artıq Qarabağ münaqişəsi yoxdur. Buna görə də Minsk qrupunun nizamlayıcı qüvvə kimi bölgədə qalması zəruri deyil. Artıq Azərbaycan öz ərazi bütövlüyünü təmin edib.
Parlamentari xatırladıb ki, sülhün imzalanması üçün ikinci əsas şərt Azərbaycana qarşı ərazi iddialarının Ermənistanın Konstitusiyasından çıxarılmasıdır.
“Bütün bunların hamısı Ermənistan rəhbərliyinə və rəsmi İrəvanı dəstəkləyən, bölgədə istənilən fürsətdə sülhün bərpa olunmasına əngəl olan qüvvələrə də məlumdur. Ona görə də Ermənistanın öz siyasi iradəsi çatsa və Konstitusiyasında bu dəyişlikləri edəcəksə, proses normallaşacaq, sülh müqaviləsi imzalanacaq. Nəticədə Ermənistan da özünü saldığı bu iqtisadi tələdən, dalandan qurtara biləcək. Əks təqdirdə bizim onlarla başqa şərtlər daxilində müqavilə bağlamağa ehtiyacımız yoxdur. Nə də ki, biz onu qəbul edə bilmərik”.
Qeyd edək ki, aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında Ermənistan ilə sülh müqaviləsinin imzalanması üçün şərtləri açıqlayıb.
Dövlət başçısı diqqətə çatdırıb ki, bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paraqrafdan ibarətdir. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürmür.
Töhfə Səməd
tag: Musa Quliyev,Deputat,Şərh,Azərbaycan,Sülh,Todaypress.az