Bakıdan başlayan təşəbbüsə Boneyra da qoşuldu: NEOKOLONİALİZMƏ SON
Video
23.08.2024 11:04
“Azərbaycan neokolonializmə qarşı öz mövqeyini çoxdan ifadə edib”.
Bunu TodayPress-ə danışan Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov bildirib. Onun sözlərinə görə, bizim üçün hazirki dünyada gedən proseslər fonunda neomüstəmləkəçi təfəkkürlə müxtəlif problemlərə yanaşmaq məqbul hesab olunmur. Əksinə Azərbaycan bu növ təzahürlərin aradan qaldırılmasının tərəfdarıdır:
“Əvvəlki dövrlərdə biz Fransanın neokolonist siyasəti ilə bağlı müxtəlif tədbirlərin keçirilməsini müşahidə edirdik. Artıq Niderlandın müstəmləkəçi siyasətindən əziyyət çəkən regionlar da öz haqq səsini eşitdirməyə başlayıblar. Bakı da burada öz təşəbbüsü ilə çıxış edir. Hazırda Boneyrada faydalı qazıntıların vandalcasına istismarı, eyni zamanda orada yaşayan insanların təhsil hüquqlarının əllərindən alınması və qarşılığında heç nəyin verilməməsi təəssüf doğuran məqamdır”.
Politoloqun fikrincə, Azərbaycan üçün dünyada müstəmləkəçiliyin aradan qaldırılması prioritet məsələdir. Hazırda ölkəmizin xüsusi təşəbbüsü ilə baş tutan bu siyasi hərəkat, artıq ətrafında tərəfdarlarını toplamaqdadır.
Qeyd edək ki, avqustun 22-də Bakıda Niderlandın müstəmləkəçiliyi altında olan Boneyra adasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Tədbirdə kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan Bonayre xalqının təmsilçiləri, habelə beynəlxalq və regional təşkilatların rəsmiləri və vəzifəli şəxsləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak ediblər.
Töhfə Səməd
tag: Bakı, Boneyra, Ekspertlər, Azərbaycan, Fransa , todaypress.az