Bakıdakı “Rus Evi”nin fəaliyyəti bərpa olunacaq? - AÇIQLANDI

Video

09.04.2025 18:10

“Bakıdakı “Rus Evi”nin yenidən fəaliyyətə başlaması birbaşa olaraq Rusiya və Azərbaycan arasında mövcud olan münasibətlərin səviyyəsindən asılıdır”.   

Politoloq Aydın Quliyev bunu TodayPress-ə danışarkən deyib.   

Onun fikrincə, “Rus evi”nin bağlanmasına səbəb olan nüanslar aradan qaldırılarsa, onun bərpası mümkün olacaq.   

“Məsələyə Azərbaycanın nöqteyi-nəzərindən yanaşsaq, ölkədə belə bir binanın mövcudluğuna ehtiyac yoxdur. Azərbaycanda yaşayan ruslar üçün əsl ev - Azərbaycan Respublikasının özü və onun vətəndaşlıq institutudur. Onlar burada tam hüquqlu şəkildə yaşayırlar, özlərini rahat hiss edirlər. Buna görə də burada “Rus Evi” kimi simvolik binanın mövcudluğuna ehtiyac yoxdur”.   

Analitikin sözlərinə görə, bununla belə, əgər Rusiya tərəfi belə bir strukturun yenidən fəaliyyət göstərməsinə ehtiyac duyarsa, ilk təşəbbüs məhz Moskvadan gəlməlidir. 

Üstəlik, “Rus Evi”nin fəaliyyəti yalnız Azərbaycan qanunvericiliyinə uyğun şəkildə həyata keçirilməlidir. Əks halda, bu cür təşəbbüslər həm siyasi, həm də hüquqi zəmində mübahisələr doğura bilər. Beləliklə, Rus icmasının yenidən açılması Rusiya-Azərbaycan münasibətlərindən asılıdır. 

“Unutmayaq ki, “Rus Evi”nin bağlanması Azərbaycan tərəfindən atılmış addım, təşəbbüs olmayıb. Bu qərar birbaşa Rusiyanın daxili və xarici siyasətinə əsaslanan səbəblərlə bağlı olub. Yeni dövrdə bu qurumun taleyi isə məhz Rusiya-Azərbaycan münasibətlərindəki dinamikaya bağlı olaraq formalaşacaq”. 

Qeyd edək ki, Bakıdakı “Rus Evi” fevralın 11-də rəsmi olaraq bağlanıb.   

Töhfə Səməd

tag: Aydın Quliyev,Politoloq,Bakı,Rus Evi,Todaypress.az