Bakıda taksilər üçün xüsusi zolaq salınacaq? - Ekspert AYDINLIQ GƏTİRDİ
Video
09.12.2024 13:56
Son illərdə avtomobil yollarındakı ən böyük dəyişiklik avtobuslar üçün ayrıca zolaqların ayrılması oldu. Artıq avtobuslar digər avtomobillərin yoluna çıxmadan, onların hərəkətinə əngəl olmadan öz yolları ilə gedirlər. Bu isə həm tıxacı nisbətən azaldır, həm də yollardakı xaotik vəziyyəti minimuma endirir.
Həmçinin velosiped və skuterlər üçün də yaşıl rəngli xüsusi zolaqlar şəhərin bir sıra yollarında mövcuddur.
Bəs gələcəkdə taksilər üçün də bənzər addım atıla bilərmi?
Nəqliyyat eksperti Rauf Ağamirzəyev TodayPress-ə bildirdi ki, ayrıca taksi zolağının olması real deyil. Lakin bütün taksilərin eyni rəngdə olmasına və fərqləndirici nişanlardan istifadə edilməsi variantına baxıla, həmin nəqliyyatların avtobus zolaqlarından istifadəsi nəzərdən keçirilə bilər.
Ekspert regionlarda avtobus zolaqlarının çəkilməsi məsələsinə də münasibət bildirib:
"Avtoparklarımız olduqca köhnədir. Təxirə salınmadan bu məsələ gündəmə gəlməli və yenilənməlidir. Bakıdakı elektrobusların, sıxılmış maye-qazla işləyən avtobusların regionlardakı parklara daxil olunması məsələsini gündəmə gətirmək lazımdır. Çünki bölgələrdəki vəziyyət heç də ürək açan deyil. Xüsusi zolaqların çəkilməsi üçün isə ilk növbədə Bakıdakı təcrübədən istifadə edərək xüsusi proqramlarla şəhərlərin rəqəmsal əskizi formalaşdırılmalıdır".
Onun sözlərinə görə, Bakı ilə Gəncə arasında ictimai nəqliyyatın keyfiyyəti artırılsa da, yeni avtobus və qatarlardan istifadə olunsa da, Gəncənin daxilindəki vəziyyət heç də ürəkaçan deyil.
Bu ilin fevralında Bakıdan bir neçə avtobus Gəncə şəhərinə yönləndirilsə də, bu kifayət deyil. Şəhər olduqca böyükdür, ona görə də orada 12-18 metrlik yeni, müasir, aşağı gövdəli avtobusların hərəkəti təmin olunmalıdır.
Töhfə Səməd