Bakıda həbsdə olan erməni əsilli şəxslərin ailələri ilə əlaqəsi üçün şərait yaradılır
Video
10.02.2025 13:29
"Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə müntəzəm olaraq baş çəkir".
Bu barədə TodayPress-in sorğusuna cavab olaraq BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
Bildirilib ki, sonuncu dəfə Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yanvar ayında baş çəkilib:
"Saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqə saxlamaları üçün şərait yaradılıb. Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. Komitə həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir".
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Arayik Harutyunyan hazırda baxılan cinayət işi üzrə ittiham olunan şəxslərə psixoloji təzyiq göstərilməsi və psixotrop dərmanların verilməsinə dair Ermənistan mediasında yayılan iddiaları yalan adlandırıb. O, bu barədə Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işləri üzrə məhkəmə proseslərinin fevralın 6-da keçirilən baxış iclasında danışıb. “Nəzərə alsaq ki, təcridxanada bizim məlumat almaq, etiraz etmək imkanlarımız olub. Həmçinin Ermənistan mediasında və digər kütləvi informasiya vasitələrində bizim saxlanma şəraitimiz daim müzakirə olunur. Başa düşdüyüm qədərilə, Ermənistan Respublikasının Baş nazirinin (Paşinyan-red.) bizə qarşı psixoloji təzyiq və həmçinin psixotrop dərmanlardan istifadə edilməsi barədə fikirləri var. Mən ən çox bizim doğmalarımız, yaxınlarımız barədə narahatlıq keçirirəm. Bəyan etmək istəyirəm ki, mən saxlanma şəraitinə dair qanunla tanışam. Təcridxanada bütün qanunlara əməl olunur, Beynəlxalq Qızıl Xaç Komitəsi vaxtaşırı olaraq bizi ziyarət edir. Bizim ailə üzvlərimizlə telefon zəngi imkanlarımız olur” deyə Harutyunyan bildirib.
Töhfə Səməd
tag: Beynəlxalq Qızıl Xaç Komitəsi,Cinayət Məcəlləsi,Mandat,Arayik Harutyunyan,Todaypress.az