Bakı seçimini etdi: “Bu, dövlətin nüfuzuna uyğun qərardır” – 9 MAY PARADINA ŞƏRH
Video
12.05.2025 18:45
“Azərbaycan qarşılıqlı hörmətə əsaslanan münasibətlərdən yanadır, lakin bizə qarşı yönələn heç bir hörmətsizliyə səssiz qalmayacağıq”.
Milli Məclisin deputatı Hikmət Babaoğlu bunu TodayPress-ə danışarkən deyib.
O, Rusiya-Azərbaycan münasibətlərində son dövrlər müşahidə edilən gərginlik fonunda iki ölkə arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərin zəruriliyini vurğulayıb. “Azərbaycan həmişə beynəlxalq münasibətlərdə qarşılıqlı etimada və proqnozlaşdırıla bilən əməkdaşlığa üstünlük verib, xüsusilə qonşu ölkələrlə münasibətlərdə bu prinsipləri rəhbər tutur. Necə ki, digər ölkələrin vətəndaşları Azərbaycanda özlərini dost mühitdə hiss edirlər, bizim həmvətənlilərimiz də eyni münasibəti qonşu ölkələrdə görməlidir. Dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət vacib şərtdir”. Deputat son aylarda Rusiya-Azərbaycan münasibətlərində bir sıra gözlənilməz hadisələrin baş verdiyini xatırladıb. O, xüsusilə ötən ilin sonunda AZAL-a məxsus təyyarənin Rusiya hava məkanında vurulması faktına toxunaraq, hadisənin hələ də tam şəkildə aydınlaşdırılmamasını münasibətlərdə adekvatlığın itirilməsi kimi qiymətləndirib. Rəsmi Bakı 2020-ci ildə baş verən helikopter qəzasından sonra Azərbaycan necə davranmışdısa, eyni addımı indi də Rusiyadan gözləyir. Təəssüf ki, bu hələ də baş verməyib. “Rusiyanın Azərbaycandakı mədəniyyət ocaqlarından bəzilərində təyinatına uyğun olmayan fəaliyyətlərin müşahidə olunması “Rus evi”nin bağlanması zərurətini gündəmə gətirmişdi. Bununla yanaşı, Azərbaycan informasiya məkanına qarşı sistemli təxribatlar aparılır ki, bu müdaxilələr yumşaq güc vasitəsilə həyata keçirilən təzyiq formasıdır. Sosial şəbəkələr və media bizim virtual vətənimizdir. Oraya edilən müdaxilələr fiziki təzyiqlərdən heç də geri qalmır. Bizim virtual vətənimiz hazırda bir çox təhdidlərlə qarşı-qarşıyadır”. Millət vəkilinin qənaətincə, bütün bu gedişatlar fonunda Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya səfərinin baş tutmaması tamamilə məntiqli və dövlətin nüfuzuna uyğun qərardır. “Münasibətlərin bərpası üçün Rusiya-Azərbaycan əlaqələri əvvəlki sağlam axarına qayıtmalıdır. Hazırkı şəraitdə səfərin təxirə salınması anlaşılandır” deyə o nitqini sonlandırıb. Qeyd edək ki, mayın 9-da Rusiyanın paytaxtı Moskvada faşizm üzərində Qələbənin 80-ci il dönümü ilə əlaqədar parad keçiriləcək. Tədbirdə bir sıra dövlət başçıları və rəsmiləri iştirak edəcək. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, həmin sıralarda Azərbaycan Prezidenti İlham Əliyev olmayacaq. O, buna səbəb kimi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbirləri göstərib.
Töhfə Səməd
tag: Hikmət Babaoğlu,Deputat,Azərbaycan,Rusiya,Todaypress.az