Bakı Parisi vurdu - Azərbaycandan Fransaya siyasət dərsi
Video
17.07.2024 17:09
“Fransa müstəmləkəçiliyindən əziyyət çəkən adaların siyasi partiyalarının Bakıda Birinci qurultayının keçirilməsinin ölkəmiz üçün böyük önəmi var”.
Bunu politoloq Cümşüd Nuriyev, TodayPress-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan dünyada müstəmləkəçiliyin qalmasını istəmir. O, qeyd edib ki, bu, Azərbaycanın dörd il ərzində Qoşulmama Hərəkatının lider dövləti kimi dünyaya verdiyi yeni siyasi baxışdır:
“Prezident İlham Əliyev çox ağıllı bir istiqamət seçib. Fransanı ən ağrılı yerindən vurub. O, böyük dövlət hesab edilən bu ölkəyə - Fransaya siyasətin necə olduğunu göstərdi. Ona dərs keçdi. İndi Fransa müstəmləkəçiliyindən əziyyət çəkən bu ölkələr, müstəqillik qazanandan sonra onların orta, ali məktəblərində keçirlicək dərsliklərdə Bakının adı çəkiləcək. Bu çox önəmlidir”.
Politoloqun qənaətincə, rəsmi Bakı belə bir qurultayla, həm də dünyaya mesaj verir:
“Xalqların müstəmləkəçilikdən azad olması, qul psixologiyasından qurtulması üçün Azərbaycan bu məsələləri gündəmə gətirir. Həm də bu Azərbaycanın sülhsevər bir dövlət olduğunu da nümayiş etdirir. Azərbaycan müstəqillik qazanana qədər bu və ya digər dövlətin müstəmləkəsi olub. Amma artıq o torpaqlarını da işğaldan azad edib və tam müstəqildir. Qısa bir zaman kəsiyində də dünyaya müstəqilliyin nə olması barədə nümunə göstərib”.
Qeyd edək ki, Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda birinci qurultay keçirilir. Qurultay 2 gün davam edəcək.
Günəş Mərd
tag: Azərbaycan, Fransa, Cümşüd Nuriyev, Bakı, Qurultay, todaypress.az