Azərbaycanda neftin hasilatı 5.3 faiz azaldı – "QARA QIZIL" TÜKƏNİR?
Video
12.07.2024 11:49
Azərbaycan iyun ayında "OPEC+" çərçivəsində kvotasından 8 min 662 ton geridə qalıb. Ümumilikdə isə iyun ayı ərzində gündəlik neft (kondensatla birlikdə) hasilatı 80 min 585 ton olub ki, bunun 65 min 597 tonunu xam neft, 14 min 988 tonunu kondensat təşkil edib.
Məsələ ilə bağlı TodayPress-ə açıqlama verən Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban bildirib ki, təyin olunan kvotadan az neft hasil etmək bizim xeyrimizədir. “OPEC+” çərçivəsində də məhz buna görə Azərbaycan hər zaman örnək kimi göstərilir:
“Artıq 4 ildir ki, vəziyyət belədir. Hər bir ölkənin imkanlarını nəzərə alıb “OPEC+” çərçivəsində kvota təyin edilir. Bu, 2016-cı ilin dekabrından razılaşdırılan qərardır. Bu o deməkdir ki, ölkə həmin kvotadan artıq neft hasil etməməlidir. Məsələn, iyun ayında alyansın keçirilən iclasında məlum oldu ki, Qazaxıstan və İraq həmin kvotaları keçiblər. Buna görə də hər iki ölkəyə 2025-ci ilə qədər kvotadan əlavə aşağı həcmdə neft hasil etmək tapşırığı verildi”.
Ekspertin sözlərinə görə, Beynəlxalq Enerji Agentliyi, Amerika Enerji Administrasiyası, həmçinin reytinqləri ölçən agentliklər öz proqnozlarında Azərbaycanla bağlı çox yüksək göstəricilər təqdim edirlər. Çox vaxt bu həqiqəti əks etdirmir:
“Məsələn, 2024-2025-ci illərdə guya Azərbaycan gündə 700 min barel maye karbohidrogen qazlarının hasilatını həyata keçirəcək. Lakin biz bundan faktiki olaraq 80-90 min barel daha az hasil edirik. İddia etdikləri bu statistikanı haradan, necə götürdükləri isə yalnız özlərinə məlumdur. Azərbaycanda maye karbohidrogen qazlarının çıxarılması azaldılmağa doğru gedir. Bu proses 2010-cu ilin III rübündən bu yana başlayıb. Hasilat azala-azala gedəcək və bitənə qədər belə davam edəcək”.
Paris Sazişi 2015-ci ildə imzalandıqdan sonra Azərbaycan hər il neft hasilatını azaltmaqla atmosferə atılan tullantıların, karbondioksidin azalmasını bütün hasilat həyata keçirən ölkələrlə müqayisədə ən çox yerinə yetirən dövlətdir. Bu da Azərbaycanın ətraf mühitə və gələcək nəsillərə nə qədər çox xeyir verdiyinin, həmçinin sazişə sadiq olduğunun nümunəsidir.
Töhfə Səməd
tag: Neft, Tükənmək, Azərbaycan, Hasilat, Saziş, todaypress.az