Azərbaycanda hərbi çağırış yaşı niyə azaldılır? - Hərbi Ekspertdən açıqlama
Video
19.12.2024 10:45
Hərbi ekspert Elxan Şıxəliyev bunu TodayPress-ə danışarkən bildirib. O qeyd edib ki, bu, zamanın və güc strukturlarının səfərbərlik ehtiyatlarını sistemləşdirmək üçün atılan addımdır. Ekspertin sözlərinə görə, yenilik bir neçə il öncə də tətbiq edilə bilərdi: "Çağırışçıların yaş həddinin 35-ə qədər olması zamanı bəzi qurumlar tərəfindən sui-istifadə halları müşahidə olunurdu. Bundan bir müddət öncə çağırışçıların yekun tibbi müayinəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılması ilə bağlı qərarın qəbulu da bu sui-istifadə hallarının qarşısını almağa yönəlmişdi. Belə tədbirlərlə sui-istifadələr var idisə, artıq onlar avtomatik sıfırlanmış olacaq. Şəxs hərbi xidmətə yararlıdırsa, 30 yaşına qədər hərbi xidmətini bitirib mülki həyatını davam etdirəcək. Bu və ya digər səbəbdən komissiyaların onlara verdiyi arayış üzərindən hərbi xidmətə yararsızlığı müəyyən edildikdə isə ehtiyata keçiriləcək". Ekspert hesab edir, bu qərar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətinin yeni mərhələyə qədəm qoymasına, daha şəffaflaşmasına, eləcə də qeyri-qanuni əməllərin, institutlaşma yolu ilə sıfırlanmasına xidmət edəcək. Qeyd edək ki, Milli Məclis “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif olunan dəyişiklikləri I oxunuşda müzakirə edib.Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq. Xatırladaq ki, hazırkı qanunvericiliyə görə həmin yaş həddi 18 yaşından 35 yaşınadəkdir. Layihəyə əsasən, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilir. Müzakirələrdən sonra layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.