Azərbaycanda benzinin qiyməti artacaq? – AÇIQLAMA

Video

08.03.2025 15:32

“Azərbaycanda 2024-cü ilin iyul ayında benzinin qiyməti 10 faiz, dizelin qiyməti isə 25 faiz artıb. Bunun üstündən bir il keçmədiyi üçün yaxın vaxtlarda yeni qiymət dəyişikliyi gözlənilmir. Cəmiyyət hələ bu bahalaşmaya, eləcə də enerji qiymətlərindəki artıma uyğunlaşmağa çalışır”.   

İqtisadçı Xalid Kərimli bu fikirləri TodayPress-ə açıqlamasında bildirib.   

Onun sözlərinə görə, bazarda kənd təsərrüfatı məhsullarının və tikinti materiallarının bahalaşmasının əsas səbəblərindən biri də məhz yanacaq qiymətlərindəki artımlardır.   

Ekspert diqqətə çatdırıb ki, hazırda qardaş Türkiyədə benzinin litrinin qiyməti 45,39 TL, dizelin litr qiyməti isə 46,65 TL-dir. Türkiyədə dizelin bahalaşmasının səbəbi onun ekoloji cəhətdən daha problemli olmasıdır.  Benzin dizeldən daha ekoloji yanacaq növüdür. Amma ümumi şəkildə benzinin ucuzlaşması dünyada neftin qiymətinin ucuzlaşması ilə bağlıdır. Azərbaycanda isə bu məsələlər dünyada neftin qiymətinin ucuzlaşıb-bahalaşması ilə tənzimlənmir:       

“Bu məsələ Azərbaycan Tarif Şurasının qərarları ilə tənzimlənir. Tarif Şurası nə vaxt məqsədəuyğun hesab etsə, qiymət o zaman dəyişir. Türkiyədə isə bu qiymətlər bazarda dəyişir. Yəni siz bir yanacaqdoldurma məntəqəsində fərqli qiymət, digərində fərqli qiymət görə bilərsiniz". 

Türkan İsgəndərli

tag: Azərbaycan,Dizel,Benzin ,Qiymət,Artım,todaypress.az