Azərbaycan Şimali Kiprdə səfirlik açır? – AÇIQLANDI
Video
19.04.2025 15:08
“Azərbaycanın Şimali Kiprdə diplomatik nümayəndəliyi açıla bilər”.
Politoloq Oqtay Qasımov bunu TodayPress-ə açıqlamasıda deyib.
Onun sözlərinə görə, Azərbaycanın Şimali Kipri dəstəkləməsi uzun müddətdir ki, davam edir.
“Xüsusilə də son illərdə məhz Azərbaycanın ciddi səyləri ilə Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar Türk Dövlətləri Təşkilatının (TDT) məşvərətçi səs hüquqlu üzvü kimi təsdiq edilib. Ersin Tatar, eyni zamanda TDT-nin toplantılarında iştirak edir və Azərbaycana səfərə gəlib. Bu isə əlaqələrin genişlənməsi deməkdir”.
Analitik diqqətə çatdırıb ki, xüsusilə də Antalya Diplomatik Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kipr lideri ilə görüşü məhz bu əlaqələrin səviyyəsinin nə qədər yüksəldiyini göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, yaxın dövrlər üçün Azərbaycan Kiprlə münasibətləri şaxələndirməyə çalışır. O, Azərbaycanda 1997-ci ildə açılan Şimali Kipr Türk Respublikasının nümayəndəliyinin ölkədəki fəaliyyəti ilə bağlı son günlər qaldırılan mövzu haqqında da danışıb. Analitik hesab edir ki, həmin nümayəndəliyin səfirliyə çevirilməsi yalnız, Şimali Kiprin tanınması məsələsi ilə paralel həyata keçirilə bilər.
“Bundan sonra Azərbaycanın da Şimali Kiprdə diplomatik nümayəndəliyi fəaliyyət göstərə bilər” deyə Oqtay Qasımov yekunlaşdırıb.
Töhfə Səməd
tag: Oqtay Qasımov,Politoloq,Azərbaycan,Şimali Kipr,Səfirlik,Todaypress.az