Azərbaycan əsilli “Xaç atası”: O, necə milyarder oldu? – TƏƏCCÜBLƏNƏCƏKSİNİZ
Video
09.04.2025 15:09
Azərbaycan əsilli rusiyalı iş adamı, “Lukoil” şirkətinin səhmdarı Vahid Ələkbərov “Forbes” jurnalının versiyasına görə Rusiyanın ən varlı adamları siyahısına növbəti dəfə başçılıq edib.
Belə ki, “Forbes”in aprelin 1-də dərc olunmuş məlumatlarına əsasən, Vahid Ələkbərovun sərvəti 28,7 milyard dollar təşkil edib.
Bu, ona ikinci ildir ki, rusiyalı milyarderlər reytinqində birinci yeri qoruyub saxlamağa imkan verib.
TodayPress rus oliqarx haqqında maraqlı məlumatları təqdim edir:
1. 1950-ci il sentyabrın 1-də Bakıxanov qəsəbəsində azərbaycanlı və rus ailəsində anadan olan Vahid evin beşinci və ən kiçik övladıdır. Onun uşaqlıq və gənclik illəri Azərbaycanın neft sənayesinin beşiyi sayılan Bakı şəhərində keçib. Atası Yusif Vahidin hələ 3 yaşı olanda vəfat edib. O, anası Tatyana Fedorovna Boçarova tərəfindən böyüdülüb. Hələ kiçik yaşlarından neft sahəsinə maraq göstərən Ələkbərovun özü də etiraf edir ki, o, məktəbi bitirəndə artıq neftçi olcağını bilirmiş. “Mən neft mədənlərində böyümüşəm. Həyətimizdə kəndir atıb neft nasosuna minməkdən başqa əyləncəmiz yox idi”.
2. Vahid Ələkbərovun həyatdakı əsas şüarı isə “acın yanında tox yata bilməz, ya bölüşməlisən, ya da əlindən alacaqlar” olub. Bu inancın təsiri isə özünü həmin dövrdə o vaxta qədər Sov.İKP üzvü olan Ələkbərovun Tümen vilayət partiya komitəsi ilə münaqişə yaşamağa başlaması zamanı büruzə verib. O, partiya rəhbərliyinin göstərişlərinə zidd olaraq, Koqalımda neftçilər üçün yaşayış binalarının tikintisinə taxta kazarmalarla deyil, kərpic evlərlə başlamağı əmr edib. Bunun üçün hətta neft emalı sahəsində əməkdaşı olan Baltikyanı inşaatçıları da işə cəlb edib. Bəzi mənbələrin iddiasına görə, şirkətin pulunu Koqalımda yaşayış binasının tikintisinə xərclədiyinə və həmin şəhərdə taxta mikrorayon tikmək barədə Tümen vilayət komitəsinin qərarının icrasını pozduğuna görə Ələkbərova şiddətli töhmət verilib. Buna baxmayaraq o, sərt cəzalandırılmayıb. Məhz həmin kərpic evlərin tikintisi üçün Ələkbərov sonradan Koqalım sakinlərindən “Alek Birinci” ləqəbini də alıb. 1990-cı ildə “British Petroleum” bir qrup sovet neftçisinin Britaniyaya səfərini təşkil edərkən, nümayəndə heyətinin tərkibini seçmək Ələkbərova həvalə edilib.
3. 5 aprel 1993-cü ildə Rusiya prezidenti Boris Yeltsinin neft sənayesi müəssisələrinin özəlləşdirilməsi haqqında fərmanı əsasında dövlət konserni səhmdar cəmiyyətinə çevrilib və ona məxsus olduğu üç yatağın ilk hərflərinə əsasən "Lukoil Neft Şirkəti" adını alıb. Həmin il Ələkbərov “Lukoil”un həm prezidenti, həm də idarə heyətinin sədri seçilib. Qısa müddətdə Rusiyanın və dünyanın ən böyük neft şirkətlərindən birinə çevrilən "Lukoil" həm daxili, həm də xarici bazarlarda güclü mövqeyə sahib olub. Şirkət Rusiya, Qazaxıstan, Azərbaycan, ABŞ və digər ölkələrə neft hasilatı və emalı edib.
4. 1997-ci ildə ilk dəfə olaraq “Forbes” jurnalının milyarderlər siyahısına daxil edilən Ələkbərovun sərvəti 1,4 milyard ABŞ dolları dəyərində qiymətləndirilib (dünyada 205-ci yer). 2001-ci ildən daimi olaraq bu siyahıya daxil edilib. 2020-ci ildə jurnal Vahid Ələkbərovun aktivlərini 15,2 milyard dollar (dünyada 65-ci yer) qiymətləndirib.
5. Ələkbərov Dövlət Mükafatı laureatı (1998) və 2001-ci il Rusiya Milli Mükafatı "Biznes Olimpi" laureatıdır. O, beş orden və bir neçə medalla təltif edilib.
6. Şəxsi həyatı barədə açıq danışmağı sevməyən Ələkbərov, ailəsinə böyük önəm verir. Onun həyat yoldaşı Larisa Viktorovna ilə uzunmüddətli və sadiq münasibəti var. 1990-cı ildə isə onların oğlu Yusif dünyaya gəlib. Oğlunun da atasının izi ilə getdiyi deyilir.
7. Bahalı avtomobillərə xüsusi marağı olan Yusif artıq öz şəxsi kolleksiyasını formalaşdırıb. Həmin nadir avtomobillərin fotolarını isə özünün “Instagram” səhifəsində izləyiciləri ilə bölüşür.
8. Vahid Ələkbərov boş vaxtlarını ailəsi ilə keçirməyə üstünlük verir. Hobbiləri arasında qədim sikkələri toplamaq xüsusi yerə malikdir. Belə ki, Ələkbərovun açdığı Beynəlxalq Numizmatik Klubun Muzeyində 5000-ə yaxın sikkə təqdim olunur.
9. Ətrafı onu “Xaç atası” adlandırır. Belə ki, o, insanlarla görüşəndə onları Qərb filmlərindəki mafiyanın “xaç ataları” kimi qarşılayır: əzəmətli və aşağılayıcı tərzdə, ovucunu arxa tərəfi yuxarı qaldıraraq.
10. “Profil” jurnalının adının çəkilməsini istəməyən mənbəsi qeyd edib ki, Ələkbərov əsl şərq maqnatı kimi gözəl jestləri sevir: məsələn, iddia olunur ki, o, 1990-cı illərin sonunda Qazaxıstan prezidenti Nursultan Nazarbayevə eksklüziv “Yak-142 Lord” sinifli təyyarə hədiyyə edib.
Daha bir maraqlı fakt isə odur ki, Ələkbərov iş zamanı şəxsi heyəti seçərkən neft mütəxəssislərinə deyil, keçmiş hərbi qulluqçulara üstünlük verib, nəticədə 2000-ci ilə qədər “Lukoil”un işçilərinin demək olar ki, üçdə biri keçmiş zabitlər olub.
Töhfə Səməd
tag: Vahid Ələkbərov,Araşdırma,Milyarder,Forbes,Todaypress.az