Aparıcılar AzTV-ni məhkəməyə verdilər – Qurum pulları niyə ödəmir? - AÇIQLAMA

Video

18.06.2024 13:01

Aparıcılar Tural Əsədov və Afaq Gəncəli “Azərbaycan Televiziya və Radio verilişləri” QSC-ni (AzTV) məhkəməyə verib.

TodayPress xəbər verir ki, buna səbəb onların “Düşən Pullar” layihəsində qazandıqları məbləğin hələ də verilməməsi olub.

Belə ki, Turalla Afaqın verilişdə udduğu 35 min manat onlara təqdim edilməyib. Onlar işlərini hüquqi çərçivədə həll etmək qərarına gəliblər. 

Qeyd edək ki, bir müddət öncə T. Əsədov bununla bağlı “Qapqara” verilişində danışmış, o, Afaqla 35 min udduqlarını, lakin proqramın efirə getmədiyini və pullarının verilmədiyini demişdi.

“Bu barədə AzTV-nin mövqeyi qarşı tərəfə istər rəsmi, istərsə də qeyri rəsmi qaydada dəfələrlə izah edilib, başa salınıb”.

Bunu TodayPress-in sorğusuna cavab olaraq, AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi və mətbuat katibi Rüfət Seyidov deyib.

“Ortada müqavilə var və müqavilənin şərtləri kimin haqlı, kiminsə haqsız olduğuna tam aydınlıq gətirir. Lakin, görünür verilən cavablar dostlarımızı qane etməyib. Məhkəməyə müraciət etmək isə hər kəsin hüququdur. Biz AzTV olaraq məsələni istənilən müstəvidə müzakirə etməyə hazırıq. Çünki yaranmış vəziyyətdə özümüzü haqlı hesab edirik. Qarşı tərəfə də məsləhət görərdik ki, bu mözvu ilə bağlı ucuz şou və bayağı səs-küy yaradıb, gündəmə gəlməkdənsə, ciddi şəkildə məşğul olub, ciddi münasibət sərgiləsinlər”.

tag: AzTV,Tural,Afaq,Düşən Pullar,Cəmiyyət,todaypress.az