AK-nin gözünü bağlayan “çəhrayı eynəklər”: “Qərb siyasətçilərinin seçimi təəssüf doğurur” – ŞƏRH
Video
12.04.2025 13:16
“Obyektiv formada Cənubi Qafqaza nəzər yetirən hər kəs görür ki, burada ədalətli mövqedə olan və aparıcı dövlət məhz Azərbaycandır”.
Milli Məclisin deputatı Musa Quliyev bunu TodayPress-ə danışarkən deyib.
O xatırladıb ki, Azərbaycan uzun illərdir bir çox beynəlxalq forumların keçirildiyi məkana çevrilib.
“İndi ev sahibi kimi dünyaya çox ciddi mesajlar ötürür. Xüsusilə aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda da Cənab Prezident İlham Əliyevin iştirakı, çıxışı, tədbirdə səslənən fikirlər bir daha Azərbaycanın dünyada və regionda getdikcə artan mövqeyinin ifadəsidir.
Ölkə başçısı çıxışında bir çox ciddi məqamlara toxunub. Azərbaycanın regional və dünya siyasətində yerinin və mövqeyinin getdikcə gücləndiyini qeyd edib və son dövrlərdəki hadisələrə nəzər salaraq Azərbaycanın beynəlxalq siyasətinin doğru kurs olduğunu diqqətə çatdırıb. Bununla yanaşı, bu siyasətin davam etməsinin təkcə Azərbaycan üçün deyil, bütövlükdə region, eləcə də dünya dövlətləri üçün faydalı olacağını vurğulayıb.
Cənab Prezident çıxışında Avropa Komissiyasına müraciət edərək onların “çəhrayı eynəyi” çıxartmasını tövsiyə edib”.
Millət vəkilinin sözlərinə görə, əslində komissiyanın indiyə qədər Qafqaz bölgəsinə, xüsusilə Azərbaycana fayda verməməsi onların ikili standartlarının bir göstəricisidir. Xüsusilə torpaqlarımızın işğaldan azad edilməsindən sonra Avropa dövlətlərinin, bəzi Qərb siyasətçilərinin yenə də “çəhrayı eynəklə” gəzmələri təəssüf doğurur. “Buna görə də, Cənab Prezidentin "Avropa Komissiyasında çəhrayı eynəkləri çıxarmalıdırlar" ifadəsi həmin qüvvələrə regiondakı hadisələri düzgün qiymətləndirmək üçün tövsiyə idi.
Çünki obyektiv formada Cənubi Qafqaza nəzər yetirən hər kəs görür ki, burada ədalətli mövqedə olan və aparıcı dövlət kimi çıxış edən məhz Azərbaycan özüdür”.
Parlamentari diqqətə çatdırıb ki, bütövlükdə konfransda səslənən fikirlərin hər biri ilə dünya birliyinə mesaj ötürülüb. Qeyd edək ki, Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Avropa Komissiyasının Azərbaycana münasibətinə toxunub. Dövlət başçısı bununla bağlı deyib:
“Bu gün Avropa Komissiyasında çəhrayı eynəkləri çıxarmalıdırlar, dünyaya real gözlə baxmalıdırlar, Azərbaycan kimi dövlətlərə dəyər verməlidirlər. Cənubi Qafqazı özlərinin sevimli və ya qeyri-sevimli dövlətlərinə bölməli deyillər”.
Töhfə Səməd