Agentlik vətəndaşları aldadan “turizm şirkətləri”nə qarşı necə mübarizə aparır? - AÇIQLAMA
Video
30.12.2024 15:56
Daha əvvəl xəbər verdiyimiz kimi, sosial şəbəkələr vasitəsilə bir sıra şirkətlər insanları ucuz qiymətə xaricə tur vasitəsilə getmək adı altında aldadıb paketlər satır, daha sonra isə yoxa çıxırlar. Bu zaman ekspert insanları diqqətli olmağa və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvü olan və reyesterdən keçmiş şirkətlərə üstünlük verməyə çağırmışdı. Bununla yanaşı, vətəndaşlar hər hansısa ödəniş etməzdən öncə həmin şirkətlərdən sertifikatlarının olub-olmamasını soruşa bilərlər.
Bəs görəsən agentlik bu kimi dələduzluq hallarının qarşısını almaq üçün hansısa addımı atırmı?
TodayPress-in sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva bildirdi ki, 2015-ci ildən turizm sektorunda sahibkarlıq fəaliyyəti üçün lisenziya tələbi və birbaşa nəzarət mexanizmi mövcud deyil:
“Bəzi hallarda turizm şirkəti kimi özünü təqdim edən fiziki və ya hüquqi şəxslərin fəaliyyətində və sosial şəbəkədə paylaşılan reklamlarında istehlakçıları aldatma və yanlış məlumatlandırma kimi pozuntular müşahidə olunur. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda da qeyd olunduğu kimi reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalıdır”.
O, tövsiyə edib ki, vətəndaşlar sosial şəbəkələrdə turizm fəaliyyəti üzrə paylaşılan reklam məlumatlarına daha diqqətlə yanaşmalı, həmçinin hazırda fəaliyyətdə olan, turizm sənayesi barədə dəqiq və etibarlı məlumatların toplandığı Turizm Reyestrindən qeydiyyatdan keçən turizm şirkətlərinə müraciət etməlidirlər.
“Dələduzluq halları ilə qarşılaşdıqda istehlakçı hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üzrə müvafiq qurumlara və məhkəməyə müraciət oluna bilər” deyə sektor müdiri nitqini yekunlaşdırıb.
tag: Dələduzluq ,Turizm,Sektor,Gülnar Mustafayeva, todaypress.az