Afina təəccübləndirdi: Yunanıstan Kiyevə hərbi yardımı dayandırır?
Video
12.07.2024 17:11
Yunanıstan Ukraynaya ABŞ istehsalı olan “Patriot” və Sovet-Rusiya istehsalı “S-300” zenit-raket komplekslərini göndərməkdən imtina edib.
TodayPress xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis deyib. O, həmçinin ölkəsinin Kiyevə F-16 qırıcıları göndərməyi planlaşdırmadığını, amma Afinanın Kiyevə dəstək üçün Ukraynaya digər silahlar verdiyini bildirib.
Yunanıstandan fərqli olaraq Portuqaliya və Avstraliya Vaşinqton sammitində Kiyevə yeni yardım paketlərini açıqlayıblar.
Portuqaliyanın Baş naziri Luis Monteneqronun sözlərinə görə, Lissabon 2024-cü ildə Ukraynaya 95 milyon avro məbləğində əlavə yardım ayırmaq niyyətindədir. Baş nazir həmçinin Portuqaliyanın Ukraynaya yardımının bu il təxminən 220 milyon avroya çatacağını və 2025-ci ildə də eyni həcmdə yardım göstəriləcəyini qeyd edib.
Avstraliya isə Ukraynaya 250 milyon dollar həcmində hərbi yardım göstərməyi planlaşdırır. Bu barədə ölkənin müdafiə naziri Riçarld Marlz açıqlama verib. O, bildirib ki, sözügedən paket özündə hava hücumundan müdafiə sistemləri və idarəolunan raket kompleksləri, eləcə də digər xarakterli silah-sursatın və şəxsi heyət üçün ayaqqabıların Ukraynaya tədarükünü ehtiva edir.
Günəş Mərd
tag: Avstraliya, Ukrayna, Yardım, Tədarük, Portuqaliya, todaypress.az