ABŞ tarixinin ən qalmaqallı prezident seçkiləri 2025-ci il üçün nə vəd edir?

Video

05.01.2025 14:59

 “2024-cü ildə ABŞ-də keçirilən son prezident seçkiləri tarixdə ən qalmaqallı seçki olaraq qalacaq”. 

Bunu TodayPress-ə verdiyi açıqlamada politoloq Yusif Bağırzadə deyib. 

Onun sözlərinə görə, bu seçkilərdə namizədlərdən birinə sui-qəsd cəhdindən tutmuş, rəqiblərin seçki yarışının ortasında namizəd dəyişməsinə qədər bir çox hadisələrə şahidlik etdik.

Üstəgəl bu seçkilər həm də Prezidentliyə namizədlərin və onların komanda üzvlərinin bir-birinin ünvanına ən aşağılayıcı sözlər deməsi ilə də yadda qaldı. ABŞ tarixində seçki debatlarının hər zaman gərgin olmasına baxmayaraq son seçkilərdəki qədər təhqirlər heç bir zaman olmamışdı:

“ABŞ-də keçirilən son Prezident seçkiləri nəticələri proqnozlaşdırmaq baxımından da olduca çətin olub. Xüsusilə də Baydenin debatlarda məğlubiyyətindən sonra seçki yarışından çəkilməsi və Harrisin namizədliyinin təsdiqindən sonra Tramp və Harris arasında rəqabətdə kimin qalib gələcəyini söyləmək olduqca müşkül məsələ idi. Həm Donald Tramp, həm də Kamala Harris seçici səsləri uğrunda amansız müharibə apardılar. Namizədlərin reytinqləri arasındakı fərq də olduqca cüzi idi”. 

Amma bütün çətinliklərə, milyarderlərin və silah istehsalçısı kimi aparıcı güclərin Harrisi dəstəkləməsinə baxmayaraq, Tramp seçkilərdən qalib ayrılmağı bacardı. Trampın “öncə Amerika” deyərək iqtisadi narahatlıqlara fokuslanması, miqrant problem ilə bağı mövqeyi, inflyasiya, təhlükəsizlik və vergilərin azaldılması problemlərini qabartması geniş seçici kütləsini onun ətrafında topladı. Başqa sözlə desək Tramp Bayden administrasiyanın səhvlərindən, məsələn, miqrasiya siyasətindəki problemlər, inflyasiyanın artması və beynəlxalq arenadakı böhranlardan aktiv şəkildə istifadə etməyi bacardı.  “Onu da qeyd edim ki, Respublikaçıların prezidentliyə namizədi Donald Tramp seçkilərdə qalib gələrək, həm də 132 ildən sonra Ağ Evə qayıdan ikinci ABŞ prezidenti oldu” deyə politoloq Yusif Bağırzadə əlavə edib. 

Qərb siyasi dairələri Tramp administrasiyasının Rusiya və Çinlə münasibətləri normallaşdırmaq niyyətindən və NATO-nun demontaj edilmə təhlükəsindən narahatdır. Və bütün bunların baş verəcəyi təqdirdə, Qərbin dünya üzərində onilliklər boyu davam etmiş hegemoniyasının qısa müddətdə yoxa çıxa biləcəyini proqnozlaşdırır. Və bunun baş verəcəyi təqdirdə, yeni dünya düzənində qlobal nəzarət mexanizmlərinin məhz rəqib qütbün əlinə keçəcəyini ön plana çəkir.

tag: Qərb,ABŞ,Seçki,Tramp,Todaypress.az