ABŞ Rusiya neftinə meyillənir: Səbəb və nəticələr – ŞƏRH

Video

31.03.2025 10:13

“ABŞ prezidenti Donald Tramp yaxın qonşulara, xüsusilə Latın Amerikası ölkələrinə qarşı sərt və praqmatik siyasət yürüdür”. 

Politoloq İlyas Hüseynov bunu TodayPress-ə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, Tramp administrasiyası yalnız qonşu ölkələrə deyil, ABŞ hegemonluğunu qəbul etməyən dövlətlərə qarşı da sərt mövqe sərgiləyir: 

“Venesuelanın əsas gəlir mənbəyi neft olduğu üçün ABŞ bu ölkədən neft idxalını dayandırmaqla daxili böhrana səbəb ola bilər. Hazırda Venesuelanın əsas alıcısı məhz ABŞ-dir. Vaşinqton bu nefti Rusiya nefti ilə əvəzləyə bilər, bu isə ziddiyyətli addımdır. Bir tərəfdən Venesuelada hakimiyyət dəyişikliyi hədəflənir, digər tərəfdən isə Rusiya ilə gərgin münasibətlərə baxmayaraq, Moskvanın enerji resurslarına yönəlir”. 

Ekspert hesab edir ki, bu, ABŞ administrasiyasının Rusiyanı düşmən qismində görmədiyinə işarə ola bilər:     

“Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə keçmişdən gələn isti şəxsi münasibətləri də bu yanaşmanı gücləndirir. Eyni zamanda, Trampın iqtisadiyyata önəm verən lider imici burada ön plana çıxır. O, böyük biznesmen və iqtisadçı olaraq geosiyasi qarşıdurmalar əvəzinə iqtisadi mənfəəti və sərfəli resurs bazarlarına çıxışı prioritet sayır. Ucuz, əlçatan və iqtisadi inkişafa xidmət edə biləcək xammal mənbələri Tramp administrasiyasının əsas maraq dairəsində yer alır”.     

Qeyd edək ki, ABŞ Venesuela neftini əvəzləmək üçün Rusiya neftinin idxalına məhdud şəkildə icazə verə bilər.  Ekspertlərin fikrincə, bu, texniki baxımdan mümkündür, çünki Rusiya nefti ABŞ emal zavodlarına uyğundur. Bu addımın Rusiyanın ümumi ixrac həcminə ciddi təsir etməyəcəyi  gözlənilir.   

Qiymət Mahir

tag: Politoloq,İlyas Hüseynov,ABŞ,Neft,Rusiya,Münaqişə,Ukrayna,Todaypress.az