ABŞ-nin “rəngli inqilab” planı necə nəticələnəcək?
Video
27.08.2024 15:24
“ABŞ Gürcüstanda vəziyyəti qarışdırmaq üçün “Xarici təsirin şəffaflığı haqqında”qanunun qəbulundan istifadə etsə də, bu, baş tutmadı. İndi isə ikinci dəfə buna cəhd edəcək”.
Politoloq Tofiq Abbasov bunu TodayPress-ə danışarkən bildirib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar Gürcüstandakı parlament seçkiləri ərəfəsində yenidən ölkədəki vəziyyəti qarışdırmağı planlaşdırır:
“Amma əminəm ki, bu cəhd biabırçı tərzdə boşa çıxacaq. Uğurlu olacağına heç bir ehtimal yoxdur. Çünki Gürcüstan hakimiyyəti ölkəni çox etibarlı şəkildə idarə edir. Xalq çoxluğu, hüquq mühafizə orqanları hakimiyyətin arxasında durur. Biz daha öncə də bunun şahidi olmuşuq. Hakimiyyət özünü praqmatik tərzdə apararaq bütün problemlərin həllini tapmağı bacarır. Gürcüstanın siyasi elitası da maksimum dərəcədə ölkənin sabitliyini qorumağa fokuslanıb. Məqsəd parlament seçkilərini normal, şəffaf tərzdə keçirməkdir”.
Analitik qeyd edib ki, bütün bunlara baxmayaraq, Qərb və ABŞ indidən Gürcüstanda keçiriləcək parlament seçkiləri ilə bağlı qara təbliğata başlayıb:
“Onlar çalışırlar ki, Gürcüstanın baş naziri İrakli Kobaxidzenin hökumətini qaralasınlar. Hakim “Gürcü arzusu” partiyasının təsisçisi Bidzina İvanişvilini qeyri-qanuni işlər görməkdə ittiham etsinlər və s.. Bunlar hamısı boş cəhdlərdir. Əgər hakimiyyət güclüdürsə, o özünü, demokratiyasını qoruya biləcək. Gürcüstanda da demokratiya var. Hazırkı Gürcüstan hakimiyyəti çox ayıq-sayıqdır və adekvat cavab verməyə qadirdir”.
Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, ABŞ oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri öncəsi vəziyyətdən son dərəcə narazıdır və ölkədə “rəngli inqilab” hazırlayır.
Günəş Mərd