ABŞ-nin qərəzli bəyanatının pərdəarxası məqamı: Ağ Evin “yaxşılığa yamanlıq siyasəti” - ŞƏRH
Video
14.12.2024 11:09
“Bayden administrasiyası ilə Azərbaycan arasında olan münasibətlərdə ziddiyətli məqamlar olduqca çoxdur. Bunun əsas səbəbkarı isə hər zaman Vaşinqton olub”.
Bunu TodayPress-ə verdiyi açıqlamada politoloq İlyas Hüseynov deyib. Onun sözlərinə görə, Azərbaycan üçün ABŞ ilə strateji münasibətlərin qorunub saxlanması və inkişaf etdirilməsi mühüm prioritet sayılır.
“Hər zaman ikitərəfli siyasi dialoqun təşviq olunmasına çalışmışıq. Fəaliyyətimizi enerji və beynəlxalq təhlükəsizliyin fundamental aspektlərinin daha da inkişaf etdirilməsi, dərinləşdirilməsi yönündə qurmuşuq. Təəssüflər olsun ki, demokratların dövründə biz bunun əksinin - ABŞ tərəfindən qərəzli münasibətin və ikili standartların şahidi olduq. Hətta Antoni Blinken tərəfindən Azərbaycanda insan hüquqları ilə bağlı mövcud vəziyyət haqqında qərəzli narrativlərin müşahidə olunması heyrət doğurur və qəbulolunmaz xarakter daşıyır. Bu da birbaşa olaraq ikitərəfli münasibətlərə mənfi təsir göstərən amil kimi qiymətləndirilir”.
Analitikin qənaətincə, bu ikili standartlar və qərəzli münasibətlərə Donald Trampın dövründə son qoyulacaq. Bunun əksinə dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafının şahidi olacağıq.
İlyas Hüseynov bildirib ki, yanvarın 20-də prezident Trampın inaqurasiyasından sonra ondan əvvəlki dövrdə buraxılmış nöqsanlar aradan qaldırılacaq. Yeni dövrdə yeni münasibətlər formalaşacaq.
“Çünki Azərbaycan Cənubi Qafqazda mühüm geopolitik aktordur: ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin edib, bölgədəki təhlükəsizliyə töhfə verib, separatizmin, qanunsuz terror qruplaşmalarının kökünü kəsib. Bununla da bölgə yeni inkişaf mərhələsinə qədəm qoyub” deyə o, nitqini sonlandırıb.
Qeyd edək ki, ABŞ Dövlət katibi Antoni Blinken dekabrın 11-də Azərbaycan hökumətini insan hüquqlarını müdafiə etdiklərinə görə həbs edilənləri azad etməyə çağıran bəyanatla çıxış edib.
Azərbaycan Xarici İşlər Nazirliyi isə bildirib ki, ölkəmizdə insan hüquqları və azadlıqlarının qorunması ilə bağlı mövcud vəziyyəti təhrif edən, Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə məqsədli qərəzli bəyanatı qətiyyətlə pisləyir və rədd edirik.
Töhfə Səməd