ABŞ-nin növbəti prezidenti kim olacaq? - SENSAİON PROQNOZ

Video

05.11.2024 09:53

“ABŞ tarixinin ən rəqabətli və ən gərgin prezident  seçkilərindən biri baş tutacaq”. 

Politoloq Zeynal Əmrəliyev bunu TodayPress-ə açıqlamasında deyib. Onun sözlərinə görə, bunun bir çox səbəbləri var: 

“Əvvəla İkinci Dünya müharibəsindən sonra Amerikada keçiriləcək seçkiləri dünyanın ən ağır dövrlərinə təsadüf edir. Çünki hazırda dünyanın ən qaynar nöqtələrində Yaxın Şərqdə və Ukraynada müharibə hökm sürür. Demək olar ki, soyuq müharibədən sonra ABŞ ilk dəfə Qərb bloku ilə bu şəkildə üz-üzə gəlir. Eyni zamanda ABŞ-nin hazırda Avropa ilə arasında narazılıqları da var. Bu kimi amillər istər-istəməz seçkilərə təsir göstərəcək. Digər tərəfdən Respublikaçılar Partiyasının xəttini müdafiə edən Donald Tramp  və hazırkı vitse-prezident Kamala Harris arasında şəxsi rəqabət də güclüdür”.

Analitik diqqətə çatdırıb ki, hazırda ABŞ-də keçirilən rəy sorğuları Harrisin müəyyən dərəcədə üstünlük qazandığını göstərsə də, bu, dəyişə bilər:  “Bilirik ki, hələ də seçkilərdə tərəddüd edən bir sıra ştatlar var. Onların seçimləri də seçkilərə təsir göstərə bilər. Əgər son iki gündə hansısa sürpriz yaşanmasa, Kamala Harrisin ABŞ-nin yeni və ilk qadın prezidenti olmaq şansı kifayət qədər böyükdür. Ancaq tarix onu göstərir ki, hər an hər şey dəyişir. Məsələn, 2016-cı ildə prezident seçkilərində Hilari Klintonun qalibiyyəti gözlənildiyi halda Tramp qalib gəlmişdi”. 

Z.Əmrəliyev hesab edir ki, bütün hallarda Tramp prezident seçilsə, bu, indiki halda Amerika üçün ən yaxşı nəticə olacaq.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Seçkilərdə Demokratlar Partiyasını vitse-prezident Kamala Harris, Respublikaçılar Partiyasını isə keçmiş prezident Donald Tramp təmsil edir. 

Günəş Mərd 

tag: ABŞ, Prezident,Harris, Seçki, todaypress.az