ABŞ-nin Cənubi Qafqaz siyasəti: Trampın iqtidara qayıdışı bölgəyə nələr vəd edir?

Video

07.11.2024 12:30

“Trampın qələbəsi Amerikanın Cənubi Qafqaz siyasətində canlanma yarada bilər”. 

Politoloq Tofiq Abbasov bunu ABŞ-də Respublikaçıların prezidentliyə namizədi Donald Trampın seçkidə qələbə qazanması ilə bağlı TodayPress-ə danışarkən bildirib.  

O, diqqətə çatdırıb ki, daha öncələr dəfələrlə Demokratlar Partiyasını Konqresdə təmsil edən nümayəndələr Azərbaycanı küncə sıxışdırmaq istəyiblər.  Eyni zamanda 44 günlük İkinci Qarabağ savaşındakı qələbəmizi gözdən salmağa, Ermənistana havadaralıq etməyə çalışıblar. Bunlar heç vaxt Birləşmiş Ştatlara baş ucalığı gətirməyib. Tramp isə indi bizim bölgə ilə bağlı daha proqmatik, daha rasional və aydın mövqe tuta bilər: 

“Ən azı o, proseslərə lazımsız müdaxilələrin qarşısını alsa, böyük iş görmüş olacaq. Senatda ermənipərəsət lobbilər bölgədəki abu-havanı yenidən zəhərləməyə çalışırlar. Erməni revanşizminə dəstək göstərirlər. Ümumiyyətlə, Tramp həqiqətən də sağlam mövqe  göstərsə, o, bizim bölgədə sülh prosesindəki maneələri aradan qaldıra biləcək”. 

T.Abbasov hesab edir ki, Tramp Qəzzadakı münaqişənin qarşısını almaqla bağlı da addımlar ata bilər. Əgər regionda sülhə nail ola bilsə, onun nüfuzu Yaxın Şərqdə də artacaq. Analitik Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı görə biləcəyi işlərə də diqqət çəkib:  

“Ukrayna klidinin açarı Trampda yox birabaşa Rusiyadadır. Tramp bu məsələdə yalnız Avropanı Ukraynaya silah-sursatın verilməsini dayandırmağa sövq edə bilər. Artıq Avropa Zelenskiyə görə uçuruma doğru hərəkət edir. Ukraynanın qələbə qazanması mümkünsüz görünür. Amma insanların tələf olmasının, şəhərlərin dağlıdılmasının qarşısını almaq olar. Əgər Tramp həqiqətən də Avropaya təsir göstərib onu Ukraynaya dəstək verməkdən yayındırsa, bu onun sülh üçün gördüyü ən böyük iş olacaq. Bu müharibənin sonu görünmür və bu görünməzlik daha çox Ukrayna dövlətini, xalqını çökdürür”. 

Qeyd edək ki, ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp 277 seçicinin dəstəyini alaraq 270 seçici səs həddini keçib. Bununla da o, Demokratlar Partiyasından olan rəqibi Kamala Harrisi geridə qoyaraq seçkilərdə qələbə qazanıb. O, seçkilərdən sonra keçirdiyi ilk brifinqdə isə artıq müharibə istəmədiyini bəyan edib. 

Xatırladaq ki, Donald Tramp bir müddət öncə seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynadakı münaqişəyə son qoyacağına və Üçüncü Dünya müharibəsinin qarşısını alacağına söz vermişdi.  

Günəş Mərd

tag: ABŞ, Tramp, Qələbə, Ukrayna, Siyasət, todaypress.az