ABŞ İranı seçim qarşısında qoyur: “Ya nüvə araşdırmasını dayandıracaq, ya da…" – TƏHLİL
Video
27.03.2025 16:08
"ABŞ İranı seçim qarşısında qoyur: ya nüvə araşdırmalarını, o cümlədən bəzi hipersonik ballistik raketlərin istehsalını dayandırmalı, ya da hərbi zərbələrlə üzləşməlidir".
Politoloq Natiq Miri bunu TodayPress-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Vaşinqton bununla İsrailə dəstək verməyə hazır olduğunu nümayiş etdirir.
"İranın dəstəklədiyi üsyançı husilər intensiv olaraq Amerika Birləşmiş Ştatlarının ordusu tərəfindən havadan bombardman edilir və ciddi itkilərlə üz-üzə qalır. İran İsrailin nüvə və strateji obyektlərinə qarşı bombardmanın qarşısını almaq istəyirsə, bütün nüvə araşdırma prosesini dayandırmalıdır. Bunun içərisində hətta bəzi hipersonik ballistik raketlərin istehsalının dayandırılması məsələsi də var. İkinci alternativ isə İranın vurulmasıdır".
Ekspert hesab edir ki, Tehran daxili auditoriyaya sərt ritorika sərgiləsə də, arxa planda üçüncü tərəflər vasitəsilə Vaşinqtonla diplomatik əlaqələr saxlayır. Politoloqun sözlərinə görə, İranın digər ümid yeri Rusiya və Çinin onu müdafiə etməsidir. Son günlər İran, Rusiya və Çin birgə hərbi təlimlər keçirərək Vaşinqtona güc nümayiş etdirib.
Analitikin fikrincə, əgər İrana qarşı rəsmi hərbi əməliyyatlar başlayarsa, bu üçlüyün real müdafiə qabiliyyəti sual altına düşə bilər.
"Amerika prezidenti Donald Trampın İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə göndərdiyi məktuba cavab verilməyəcəyi bildirilirdi, lakin bəlli oldu ki, artıq bu məktuba cavab verilib və o, üçüncü tərəf vasitəsilə ABŞ-yə ötürülüb. Ona görə də İran hələlik dik duruş nümayiş etdirsə də, danışıqlara hazırdır" Natiq Miri yekunlaşdırıb.
Qeyd edək ki, ABŞ İrandan nüvə proqramından tam imtina etməsini tələb etməyə hazırlaşır.
Türkan İsgəndərli