3460 nəfər Ermənistanın mina terrorunun qurbanı oldu

Video

31.10.2024 10:52

Oktyabrın 30-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Qarabağ Dirçəliş Fondunun (QDF) donor və tərəfdaşlarının işgüzar görüşü keçirilib.

TodayPress xəbər verir ki,tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən yerləşdirilən minaların həmin ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə ciddi maneə törətdiyini bildirirək, bu problemin həllində hər kəsin həmrəylik nümayiş etdirməsinin vacibliyini qeyd edib:

“İşğaldan azad edilmiş ərazilərdə qarşılaşdığımız ən böyük təhlükə məhz minalardır. Hazırda Qarabağda erməni separatçılardan geriyə sadəcə onlar qalıb. Hələ də minlələrlə mina potensial təhlükə kimi Qarabağda qalmaqdadır. Bu işdə təşkilatlar tərəfindən ianə edilən təchizatlar ciddi kömək olur. Odur ki, biz bütün təşkilatları bir olmağa səsləyirik”.

“Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş da işğaldan azad edilmiş ərazilərin bərpası ilə yanaşı, minalardan təmizlənməsi istiqamətində də həyata keçirilən işlərə dövlət qurumları ilə yanaşı şirkətlər tərəfindən də dəstəyin göstərilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Qarabağın yenidən dirçəlməsi üçün ən böyük missiyalardan biri həmin ərazilərdə müxtəlif layihələrin həyata keçirilməsidir. Bu layihələrdən biri də ətraf mühitin yaxşılaşdırılmasıdır:

“Həyata keçirdiyimiz digər mühüm layihə isə şəhid ailələrinin övladlarına təhsil almaları üçün dəstək olmaqdır. Belə ki, həmin gənclər təhsil aldıqları müddət ərzində şirkətimiz tərəfindən həm təhsil haqqı, həm də digər xərcləri qarşılanır. Şəhid ailələrinin uşaqlarına bu qayğını göstərmək bizim ən böyük borcumuzdur”. 

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov çıxış edərək ölkəmizin işğaldan azad edilmiş ərazilərində mövcud mina və partlamamış hərbi sursat problemi, partlayıcı qurğularla kütləvi şəkildə çirklənmənin miqyası, mövcud problemin insanların sağlamlığına, yaşam mühitinə, ətraf mühitin çirklənməsinə təhlükə yaratması, eləcə də bu problemin aradan qaldırılması istiqamətində aparılan genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti barədə məlumat verib:

“2020-ci ilin noyabrın 10-dan 2024-cü ilin oktyabrın 29-a qədər 381 nəfər mina qurbanı olub. Onlardan 70 nəfər həlak olub, 311-i isə xəsarət alıb. 1991-ci ildən bu yana isə ümumilikdə 3460 mina qurbanı olub ki, onların 359-u uşaq, 38-i isə qadındır. 

2020-ci ilin noyabrın 10-dan 2024-cü ilin oktyabrın 29-a qədər 170071.9 ha ərazi təmizlənib. Piyada əleyhinə 34 min 477, tank əleyhinə 20 min 906 mina aşkar edilib”. 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) Romi, Şimşək və Skubi adlı üç yeni minaaxtaran it təqdim olunub. 

Töhfə Səməd

tag: Mina, ANAMA, Ermənistan, Qurban, todaypress.az