3 saylı Uşaq evində nə baş verib? - Dispanserə aparılan uşaqların vəziyyəti necədir?
Video
06.11.2024 15:03
Xətai rayonunda yerləşən 3 saylı Uşaq evində 5 uşaqda qotur xəstəliyi aşkarlanıb. Uşaqlar 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserində müayinə və müalicə edilərək müəssisəyə qaytarılıb.
Tibb elmləri doktoru, professor Adil Qeybulla qeydə alınan xəstəliklə bağlı TodayPress-ə danışarkən bildirib ki, qoturluq parazital xəstəlikdir və ilkin olaraq dəridə peyda olur. Bu xəstəlik gənələr tərəfindən yaradılır. Onlar dərinin içinə girir dəridə “qoturluq yolu” deyilən xarakterik dəyişikliyə səbəb olurlar:
“Adətən xəstəlik yoluxmadan təxminən altı həftə sonra özünü büruzə verir. Xüsusilə də qaşınma ilə özünü göstərir. Gecə saatlarında qaşınma başlayır. Büküşlərdə, əlin üst hissəsində daha çox olur və ardınca bədənin bütün hissələrinə yayılır. “Qoturluq yolu” adlanan qaşınma zonası tünd qəhvə rəngində təxminən bir santimetrə qədər uzunluqda olur”.
O, qeyd edib ki, qoturluq yoluxucu xəstəlikdir. Bir şəxs bu parazitə yoluxmuş digər şəxsin əşyalarından istifadə etdikdə o da yoluxur:
“Qoturluq ilkin mərhələdə müalicə olunsa, daha yaxşıdır. Bunun üçün xüsusi lasyonlar var. Onlar dəriyə sürtülür və dəri yuyulub təmizlənir. Digər tərəfdən bu xəstəliyə yoluxan şəxsin əşyaları bir müddət qapalı yerdə saxlanılır ki, ondakı bakteriyalar məhv olsun. Qoturluğun profilaktikasında xəstələrin başqalarından mümkün qədər tez izolə olunması vacibdir. Xəstəlik ağırlaşmayıbsa, təxminən bir həftə müddətində bu xəstəliyə yoluxmuş şəxsləri tamamilə sağaltmaq olur”.
Professor sonda əlavə edib ki, qoturluq xəstəliyi birbaşa gigiyena ilə bağlıdır. Bu səbəbdən insanlar diqqətli olmalı, əgər belə bir hal varsa, həmin şəxslərlə təmasda olanlar dərhal lazımi tədbirləri görməlidirlər.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən isə TodayPress-in sorğusuna cavab olaraq bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən Xətai rayonu 3 nömrəli uşaq evində qeydə alınan qoturluq hadisələri ilə bağlı Rayon Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) müvafiq qaydada məlumatlandırılıb. Dərhal Xətai GEM-i tərəfindən əksepidemik tədbirlər aparılıb. Qeyd olunub ki, hazırda ocaqda aparılan tədbirlərə nəzarət edilir. Xəstəliyin yayılma ehtimalı yoxdur.
Günəş Mərd