2025-ci ildə qiymət artımı baş verə bilər: “Dünya iqtisadiyyatı böhrana doğru gedir” - AÇIQLAMA
Video
07.01.2025 12:44
“Neftin qiyməti bu il sabit və Azərbaycan üçün sərfəli oldu. İl ərzində təxminən, 75-80 dollar arası dəyişdi. Builki dövlət büdcəsində bir barel neftin orta qiyməti də məhz elə 75 ABŞ dollarından hesablanıb”.
Bunu TodayPress-ə verdiyi açıqlamada iqtisadçı ekspert Akif Nəsirli deyib. Onun sözlərinə görə, "qara qızıl"ın builki qiyməti bütün dünya, xüsusilə də neft ixrac edən ölkələr üçün uğurlu sayıla bilər:
“Amma məsələ burasındadır ki, dövlət büdcəsi müzakirə edilən zaman neftin qiymətini riskli qəbul edib, buna uyğun bir rəqəmlə götürüblər. Hazırda neftin bazar dəyəri 70 dollardan bir qədər artıqdır. Hələ büdcə müzakirəsi təzə bitib, lakin orta qiymət 70 dollar olaraq nəzərdə tutulub. Hesab edirəm ki, bu ən azı 50-60 dollara qədər endirilməlidir. Çünki indiqatorlar da onu göstərir ki, dünya iqtisadiyyatı sürətlə də olmasa, qismən böhrana doğru gedir”.
Ekspert ərzaq qiymətlərinin builki qrafikinə də nəzər yetirib. Bildirib ki, həmişəki kimi, ölkə ərazisində hər ay və rübdə məhsulun etiketindəki rəqəmlər stabil qalmadı, əksinə bahalaşdı. Bütün bu dəyişmələr ən çox kənd təsərrüfatı məhsullarında müşahidə olundu. Qiymət artımının əsas səbəb isə qıtlıqdır:
“Belə ki, 2024-cü ildə kənd təsərrüfatı üçün səmərəsiz bir iqlim müşahidə olundu. Yəni qeyri-sabit və əlverişsiz hava şəraiti ölkədə kənd təsərrüfatı məhsullarının bütün növlərinin məhsuldarlığına ciddi təsir göstərdi. Əsən küləklər, yağan dolu və leysan yağışları, yay mövsümündə hava şəraitinin tez-tez dəyişməsi, buludlu olması və s. məhsuldarlığı aşağı saldı. Bu il kənd təsərrüfatı məhsullarının istehsalında, 20-30% geriləmə müşahidə edildi”.
Akif Nəsirli diqqətə çatdırıb ki, iqtisadiyyatın böhran dövrünə girdiyini ən birinci sahibkarlar bilir, duyur. Onlar görür ki, məsələn, dövriyyəsi azalır, təlabat aşağı düşür. Bu halda dərhal tədbirlər görməli olurlar. Çıxış yolu isə ən etibarlı dəfnə sayılan qızıl almaq, güvənli valyutaya və ya kriptovalyutaya vəsait yatırmaqdır:
“Bu, sahibkarın əlində qalan izafi kapitalın dəyərinin qorunması üçün atılan addımlardır. Ona görə də qızıla təlabat artır. Bitkoin də çox geniş miqyaslı arealda öz etibarlılığını təsdiq etmiş bir kriptovalyutadır. İnsanlar artıq ona güvənir. Baxmayaraq ki, bu kriptovalyuta heç bir dövlətə və banka bağlı deyil. Ona görə də vətəndaşların, sahibkarların etibarını qazana bilib. Bu səbəbdən qeyd olunan istiqamətdə bahalaşma cari ildə də baş verdi. Bu, gələn ildə eyni qaydada, yəni ki, böhranın yaxınlaşmasından asılı olaraq davam edəcək. Böhran yaxınlaşdıqca bu iki əmtəə dəfnə vasitəsi kimi istifadə ediləcək və ona görə də bahalaşacaq”.
O, gələn il üçün də qiymətlərdə artımın müşahidə olunacağına diqqət yetirib.
Töhfə Səməd