Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 110 il ötür
Mədəniyyət
27.05.2024 13:06
Yaratdığı əsərlərlə oxucunu düşündürmək, hisslərinə hakim kəsilmək, onu gözəlliklər aləminə çəkib aparmaq, haqq-ədalət uğrunda mübarizəyə ruhlandırmaq, həqiqətin tapılmasında hər kəsə yardımçı olmaq kimi ali keyfiyyətlər az-az qələm sahibinə nəsib olur. Dərin məna tutumu, ictimai fikrə hakim kəsilmək gücü ilə bir-birini tamamlayan, XX əsr Azərbaycan cəmiyyəti həyatının bütün sahələrini güzgü kimi əks etdirən aktual əsərləri ilə xalqın məhəbbətini qazanan İlyas Əfəndiyev belə xoşbəxt taleli sənətkarlardandır.
Bu gün nasir, dramaturq, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 110 il ötür.
Milli nəsrimizin, dramaturgiyamızın, teatr sənətimizin, ədəbi-tənqidi-ictimai fikrimizin inkişafında əvəzsiz xidmətləri ilə seçilən İlyas Əfəndiyev həm Sovet İttifaqı, həm də müstəqillik dövründə Azərbaycan ədəbiyyatının ən görkəmli yazıçılarından biri olub.
İlyas Əfəndiyev 1914-cü il mayın 26-da Füzuli şəhərində dünyaya göz açıb. İlyas Əfəndiyevin bir gənc kimi formalaşmasında, onda kitaba, ədəbiyyata, ümumiyyətlə, mütaliəyə maraq oyanmasında anası Bilqeyis xanımın əvəzsiz xidmətləri var. O, ömür-gün yoldaşının vəfatından sonra övladına müəllim, yoldaş, həm də ata əvəzi olub.
İlyas Əfəndiyevin 1939-cu ildə nəşr edilmiş "Kənddən məktublar" kitabı onu oxuculara tanıtdırıb. O, 1943-cü ildə Mehdi Hüseynlə birlikdə ilk dram əsəri olan "İntizar" pyesini yazıb və bununla da yazıçının Azərbaycan milli teatrı ilə 50 ildən çox davam etmiş sıx yaradıcılıq əməkdaşlığının əsası qoyulub. Ötən əsrin 40-cı illərinin sonunda o, artıq özünü nasir və dramaturq kimi tanıdıb, əsərləri haqqında mətbuatda yazılar dərc olunub.
XX əsr Azərbaycan ədəbiyyatının əvəzolunmaz simalarından biri kimi tarixə düşmüş İlyas Əfəndiyevin zəngin nəsrinə "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost", "Sarıköynəklə Valehin nağılı", "Geriyə baxma, qoca", "Üçatılan" və digər roman və povestləri, dramaturgiyasına "İşıqlı yollar", "Bahar suları", "Atayevlər ailəsi", "Sən həmişə mənimləsən", "Mənim günahım", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", "Qəribə oğlan", "Mahnı dağlarda qaldı", "Bağlardan gələn səs" və s. daxildir. O, pyesləri ilə teatr sənətimizdə yeni bir mərhələ açıb. Ədibin qəhrəmanları ülvi məqsədləri, mübarizliyi, xarakterlərinin bütövlüyü, yaşadığı hisslərin, duyğuların təbiiliyi ilə yaddaşlara həkk olunub. Qətiyyətlə deyə bilərik ki, 60-cı illərdə səhnəyə gələn gənclərin püxtələşməsində İlyas Əfəndiyevin zəngin dramaturgiyasının böyük rolu var. Ədibin pyesləri öz fikir zənginliyi, qaldırılan problemlər ilə həmişə tamaşaçıda maraq oyadır. Onun əsərlərinin ekranlara yol açması da bu baxımdan qaçılmaz idi.
Azərbaycan teatr poetikası bədii-estetik dəyərini geniş mənada "İlyas Əfəndiyev teatrı"nda tapıb. Ədib özünün "Mahnı dağlarda qaldı", "Xurşidbanu Natəvan", "Şeyx Məhəmməd Xiyabani", "Hökmdar və qızı" və digər tarixi dramları ilə xalqımızın milli azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizənin, istiqlal məfkurəsinin, azadlıq hərəkatının, milli birliyin və müstəqilliyin bədii tərənnümçüsünə çevrilib.
Yaradıcılığı boyu hakim ideologiyanı tərənnüm etməyən ədib o dövrdə ədəbiyyatda yasaq olan Cənubi Azərbaycan və mühacirət mövzularında əsərlər yazıb, "Tənha iydə ağacı" pyesi ilə ilk dəfə mühacirət mövzusunu ədəbiyyata gətirib.
Zəngin yaradıcılıq yolu keçmiş böyük sənətkar İlyas Əfəndiyev 1996-cı il oktyabrın 3-də Bakı şəhərində dünyasını dəyişib və Fəxri xiyabanda dəfn olunub.
Yazıçının əsərləri bəşəri mövzulara həsr olunduğu üçün rus, türk və digər dillərə tərcümə olunub, Avropanın nüfuzlu teatrlarında səhnəyə qoyulub. Onun anadan olmasının 100 illiyi UNESCO-da təntənəli şəkildə qeyd edilib.
tag: İlyas Əfəndiyev, Xalq yazıçısı, todaypress.az,