Üçüncü Üzüm və Şərab Festivalı başa çatdı

Mədəniyyət

09.09.2024 13:30

Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində Üçüncü Üzüm və Şərab Festivalı təşkil olunub. Festivalda 23 yerli şərab istehsalçısının müxtəlif növdə və çeşiddə olan məhsulları nümayiş etdirilib. Burada həmçinin Tuğda yetişdirilən, Azərbaycanın ən qədim yerli texniki üzüm sortu hesab olunan “Xındoqnı”dan hazırlanan qırmızı şərablar təqdim edilib. Bu, festival iştirakçılarının marağına səbəb olub. 

İki gün ərzində davam edən Üzüm və Şərab Festivalı əyləncə və məhsul bayramı ilə yanaşı, həm də şərab istehsalçılarına yeni işgüzar əlaqələr qurmaq, məhsullarını geniş auditoriyaya tanıtmaq üçün gözəl fürsət yaratdı. 

Festivalın məqsədi yerli üzüm və şərab istehsalını təşviq etmək, şərab məhsullarının ixrac potensialını artırmaq, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırmaqdır. 

Festival şərab istehsalçıları, şərabçılıq turizmi ilə məşğul olan sənaye üzvləri, rəsmi və media nümayəndələri də daxil olmaqla, mindən çox insanın aktiv iştirakı ilə yadda qaldı.

Günəş Mərd

tag: Şərab,Festival,Şamaxı ,Dövlət Turizm Agentliyi,Meysəri ,Üzüm ,Xındoqnı,todaypress.az,