Tullantılardan hazırlanan installyasiyalar - "Art Plast" layihəsi təqdim olundu - FOTO

Mədəniyyət

04.10.2024 14:25

Oktyabrın 4-də "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Xəzərin irsi" silsiləsindən olan "Daha az plastik, daha çox həyat təmiz dəniz üçün birlikdə!" devizi ilə "Art Plast" layihəsinin təqdimatı olub. 

TodayPress xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev çıxış edərək “yaşıl yanacağa” keçidin çətinliklərindən danışıb. O, bildirib ki, bu heç də asan proses deyil. Lakin inteqrasiya mütləqdir və bu ölkəmiz üçün prioritet məsələdir. 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə heyətinin sədri Rauf Vəliyevin sözlərinə görə, təkcə 2022-2023-cü illərdə 289 ton polimer və 56 ton plastik əsaslı tullantı toplanaraq, aidiyyatı təşkilatlara təkrar emal üçün təhvil verilib. Bundan başqa, Xəzər dənizində ilk hibrid dalğıc gəmisi də artıq sifariş olunub. 

Daha sonra "Art Plast" layihəsi çərçivəsində bir sıra məhsulların təqdimatı baş tutub. Qonaqlar plastik, metal və digər məişət tullantılarından istifadə olunaraq 5 metr uzunluğa malik balıq, eyni zamanda hər birinin hündürlüyü təxminən 2 metrdən çox olan qağayı, suiti və dəniz atı formasında hazırlanmış installyasiyalar, plastik qablardan düzəldilmiş 4 metr uzunluğu olan dünya xəritəsi installyasiyası, eləcə də istismar müddətini başa vurmuş qayıqlardan düzəldilən güldanlarla yaxından tanış olublar.

Bundan başqa enerji doldurmaq üçün hazırlanmış xüsusi velosiped də ziyarətçilərin diqqətni çəkib. Məsələ ondadır ki, velosipedin hər pedalı çevrildikcə ona bağlı olan qutucuğa enerji dolur. Nəticədə həmin qutucuqdan istifadə edərək rahatlıqla telefonları şarj etmək mümkündür. 

Qeyd edək ki, tədbir çərçivəsində "Suraxanı" gəmi-muzeyində "Açıq Qapı Günü" elan olunub və ziyarətçilər üçün tullantıların təkrar emala çevrilməsi mövzusunda xüsusi master-klass keçirilib. Həmçinin qonaqlar üçün maraqlı musiqili proqram təqdim edilib.

Töhfə Səməd

tag: Yaşıl Dünya ,Suraxanı ,Açıq Qapı ,Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi,Muxtar Babayev ,todaypress.az,

photo