Tanınmış “İnstagram” fenomeni insan alverinə görə 8 il həbs cəzasına məhkum edildi

Mədəniyyət

16.07.2024 07:00

Keçmiş braziliyalı model və ABŞ-də yaşayan sağlam həyat “influenseri” Kat Torres insan alveri və qadın köləliyinə görə 8 il həbs cəzasına məhkum edilib.

TodayPress xəbər verir ki, Federal Təhqiqat Bürosu araşdırması 2022-ci ildə onunla birlikdə yaşayan iki qadının itkin düşdüyünü ortaya qoyub. Torres tərəfindən insan alverinə və əsarətinə məruz qaldığını iddia edən bir neçə qadın dəhşətli təcrübələrini “BBC” ilə bölüşüblər.

Bir vaxtlar aktyor Leonardo Di Kaprio ilə görüşdüyü barədə şayiələr yayılan Torres mənəvi güclərə sahib olduğunu da iddia edib və tez-tez Braziliyanın tanınmış televiziya şoularında çıxış edib. "Jurnalların üz qabığında idi. O, Leonardo Di Kaprio kimi məşhur insanlarla görüntülənirdi.  Gördüyüm hər şey çox inandırıcı görünürdü” deyə Torresin qurbanlarından biri olan Ana deyib.

O, həmçinin hipnoz, meditasiya və məşq proqramları daxil olmaqla, münasibətlər, sağlamlıq, biznes uğurları haqqında məsləhətlər verən videolar çəkirdi. Torres insanların bütün problemlərini həll edəcəyini iddia edən 150 dollarlıq təkbətək video məsləhətləşmələri təklif edirdi.

2019-cu ildə Ana Torresin köməkçisi kimi işləmək üçün Nyu Yorka köçüb. Ana Torresin heyvanlarına baxmaq, yemək bişirmək, camaşırını yumaq və təmizləmək qarşılığında 2000 dollar almalı idi. Lakin evə köçdükdə Torresin evindəki vəziyyət onu şoka salıb. Ev çirkli idi və o, pişik sidiyi ilə örtülmüş divanda yatmağa məcbur idi. İddiaya görə, Ana sadəcə bir neçə saat yata bilib və hər an Torres üçün hazır olması tələb olunub. Onun sözlərinə görə, Torres ona vəd etdiyi maaşı heç vaxt verməyib.

Ana xilas olduqdan sonra Torres Dezire və Letisiya adlı iki qadını işə götürüb.

Bir neçə həftə ərzində Dezire yerli striptiz klubunda işləmək üçün təzyiq görməyə başlayıb.  İki qadına bir-biri ilə danışmaq qadağan edilib və otaqlarını tərk etmək, hətta vanna otağından istifadə etmək üçün belə Torresdən icazə istəməli olublar.

Tezliklə Torres Dezireni fahişəliyə məcbur etməyə başlayıb. Torresin istəklərini yerinə yetirmədiyi halda, o, evə buraxılmayıb.

Sentyabr ayında iki qadının dostları və ailəsi onları tapmaq üçün sosial media kampaniyaları başladıblar. Medianın diqqətindən yayınmaq üçün Torres və qadınlar Texasdan Menə köçüblər. Orada qadınlar əsir tutulduğunu inkar edən “Instagram” videoları çəkməyə məcbur edilib və insanlardan onları axtarmağı dayandırmağı tələb ediblər.

Beləcə, 20-dən çox qadın Torres tərəfindən aldadılma və ya istismar olunma hekayələri ilə çıxış etməyə başlayıb. Onların sözlərinə görə, yaşadıqlarından sonra hələ də, psixiatrik müalicə alırlar.

Nəzrin Cavadzadə

tag: todaypress.az, İnstaqram, Fenomen, Kat Torres, BBC,