Tanınmış gitaraçı oğlu ilə birlikdə Avropada konsert verdi

Mədəniyyət

14.06.2024 09:20

Tanınmış gitara ifaçısı Rəhman Məmmədli oğlu bəstəkar Tural Məmmədli Macarıstanda konsert veriblər.

TodayPress xəbər verir ki, Rəhaman Məmmədli və oğlu bəstəkar Tural Məmmədli ilə birlikdə Macarıstanın paytaxtı Budapeştdə böyük konsert proqramı ilə çıxış ediblər. Konsertdə Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə və xanımı da tamaşaçılar arasında olub. Konsertlə bağlı təəssüratlarını TodayPress-lə bölüşən sənətçi konsertin anşlaqla keçdiyini deyib:

 “Tamaşçıların hamısı demək olar ki, macarlar idi. Biz onlara Azərbaycanın unudulmaz musiqilərini təqdim etdik. Böyük maraqla qarşılandı. Hətta o qədər bəyəndilər ki, xoşlarına gələn musiqini yenidən ifa etmək üçün məni ikinci dəfə səhnəyə qaldırdılar.”

Hazırda Avropa turunda olduğunu deyən Rəhman Məmmədli iyun ayının 19-a kimi Avropanın bir neçə şəhərində konsertlər verəcəklərini bildirib: “Bu bizim ikinci Avropa turumuzdur. Ayın 14-də Münhendə 16-sı isə Berlində konsertlər olacaq. Son 3 konsertimiz  iyunun 19-da İsveçrənin 3 şəhərində olacaq. İyul ayında isə Danimarkada konsertimiz gözlənilir”.

Rəhman Məmmədli Avropada Azərbaycan musiqisinə və sənətə olan yüksək dəyərdən bəhs edib: “60 yaşımdan sonra bəxtim açılıb. Mən Avropada Azərbaycan musiqisinə və sənətə, sənətkara necə yüksək dəyər verildiyinin canlı şahidi oldum. Bu əlbəttə məni bir azərbaycanlı sənətçi olaraq qürurlandırır. Ancaq kaş öz ölkəmizdə də əsl sənətə, sənətkara layiq olduğu dəyər zamanında verilə” deyə sənətçi fikrini yekunlaşdırıb.

 GÜNEL

tag: Gitaraçı, Rəhman Məmmədli, Avropa turu, Macarıstan, todaypress.az,

photo