Şuşada növbəti Vaqif Poeziya Günləri başladı
Mədəniyyət
18.07.2024 15:20
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 17-19 iyul tarixlərində Şuşa şəhərində Vaqif Poeziya günləri keçirilir.
Bu barədə TodayPress-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iyulun 18-də Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin qarşısında poeziya bayramının açılışı olub. Açılış mərasimində dövlət və hökumət nümayəndələri, respublikanın tanınmış ədəbiyyat elm və mədəniyyət xadimləri, eləcə də bu ilin may ayında doğma yurda köçmüş Şuşa sakinləri iştirak ediblər.
Azərbaycan Yazıçılar Birliyinin (AYB)-nin birinci katibi Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək Şuşada belə bir möhtəşəm tədbirdə iştirakdan məmnun olduğunu söyləyib. Bildirib ki, builki Vaqif Poeziya Günləri bir çox mühüm əlamətdar hadisələrlə üst-üstə düşür.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Molla Pənah Vaqifin yaradıcılığından söz açıb. Qeyd edib ki, Vaqifi sələflərindən fərqləndirən əsas cəhətlərdən biri onun ilk dəfə olaraq Azərbaycan coğrafiyasını açıq və geniş şəkildə ədəbiyyatımıza gətirməsidir.
Xalq yazıçısı Elmira Axundova Ulu öndər Heydər Əliyevin Azərbaycan dilinə, ədəbiyyatına sonsuz sevgisindən, qayğısından danışıb. Bildirib ki, hələ sovet dövrünün ən çətin vaxtlarında Heydər Əliyev milli düşüncənin, azərbaycançılıq ideyasının yaşamasına, inkişafına təkan verib.
Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcid, AYB-nin katibi Səlim Babullaoğlu və birliyin Qazax bölməsinin sədri Barat Vüsal Şuşanın füsunkarlığı, qeyri-adi təbiəti, bənzərsizliyi, beynəlxalq tədbirlərin ünvanına çevrilməsindən danışıb, şeirlər söyləyiblər.
Bədii hissədə Əməkdar artistlər Azad Şükürov və Nazir Rüstəmovun ifasında Məhəmməd Füzuli və Molla Pənah Vaqifin yaradıcılıq nümunələri əsasında poetik duet təqdim edilib.
Əməkdar artist Nigar Şabanova, solistlər Abgül Mirzəliyev, İlkin Dövlətov və Leyla Rəhimlinin ifasında "Qarabağ” kompozisiyası, "Şuşanın dağları" və "Bura vətəndir" musiqi nömrələri səsləndirilib. Konsert proqramı alqışlarla qarşılanıb.
Sonda xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada böyük şair və dövlət xadimi Molla Pənah Vaqifin (1717–1797) məqbərəsinin və Poeziya evinin təntənəli açılışı olub. Məhz həmin tədbirdə Heydər Əliyev ədəbiyyat xadimlərimizin bu yöndə təşəbbüsünü dəstəkləyərək Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Söz-sənət bayramı ilk dəfə 1982-ci ilin iyulunda təşkil edilib.
42 illik tarixə malik Vaqif Poeziya Günləri işğaldan azad edilmiş Şuşada artıq dördüncü dəfədir təşkil olunur.
tag: Şuşa, Poeziya, Heydər Əliyev Fondu, Konsert, Mədəniyyət Nazirliyi, todaypress.az,