“Stenford eksperimenti”nin müəllifi vəfat etdi
Mədəniyyət
19.10.2024 14:32
“Stenford Həbsxana Təcrübəsi”nin müəllifi və psixoloq Filip Zimbardo 91 yaşında vəfat edib.
TodayPress xəbər verir ki, bu barədə alimin 56 il çalışdığı Stenford Universitetinin mətbuat xidməti məlumat yayıb.
Zimbardo oktyabrın 14-də San Fransiskodakı evində dünyasını dəyişib.
“Filip Zimbardo öz nəslinin ən məhsuldar və nüfuzlu psixoloqlarından biridir, sosial psixologiya sahəsində əsl pionerdir. Filipin demək olar ki, bütün tədqiqatları göstərir ki, həqiqi insan davranışında mühüm hadisələr elmi şəkildə öyrənilə bilər. Sosial psixologiya kimi gənc bir sahə üçün bu, xüsusilə mühüm töhfədir” deyə onun həmkarı bildirib.
O, 1971-ci ildə V.Curtis Banks, Kraiq Haney və David Ceff ilə apardığı “Stenford Həbsxana Təcrübəsi” ilə tanınır. Zimbardo hesab edirdi ki, anonimlik və cəmiyyətdən uzaq olmaq antisosial davranışa səbəb ola bilər.
Tədqiqat çərçivəsində Zimbardo və bir qrup universitet məzunu psixologiya kafedrasının binasının zirzəmisində saxta həbsxana yaradıblar. Bir neçə tələbə məhbuslar və mühafizəçilər olaraq iki qrupa bölünüblər. Təcrübə iki həftə davam etməli idi. Lakin yaranan vəziyyət qəribə hal almağa başladı və oyun ilə reallıq arasındakı incə ayırım xətti məhv oldu. Zimbardo daha sonra etiraf edib ki, nəticə gözlənilməz və nəzarətdən kənar idi. Bəzi mühafizəçilər məhbuslara qarşı sərt və kobud davranırdılar. Məhkumlar üçün bu təcrübə kəskin narahatlıq, emosional depressiya, ağlama və qəzəbə səbəb oldu. Altı gündən sonra təcrübə dayandırıldı.
Töhfə Səməd