Sənət dostları aktyorun xəstəliyini niyə gizlədirlər?
Əməkdar artist Rəşad Bəxtiyarov bir müddətdir səhhətindəki problemlərlə mübarizə aparır. Sənət dostları onun fotosunu paylaşaraq, tez bir zamanda sağalmağını arzu etsələr də, aktyorun xəstəliyini açıqlamırlar.
TodayPress uzun illər sənətkarla bir səhnəni bölüşmüş Əməkdar artist Elnur Kərimovla əlaqə saxlasaq da, o, bu barədə saytımıza hər hansısa məlumat verə bilməyəcəyini bildirdi.
"Rəşad özü rəsmi açıqlama verməsə, bizim bu barədə danışmağımız düzgün olmaz. Ümid edirik ki, hazırda əziyyət çəkdiyi xəstəliyə tez bir zamanda qalib gələr və yenidən səhnəyə qayıdar. Rəşad təkcə Akademik Milli Dram Teatrın yox, həm də bütövlükdə bütün Azərbaycan teatrının aktyorudur. Onun tez bir zamanda sağalması bizim ən böyük arzumuzdur".
6 il aktyorla bərabər "Ata ocağı" serialında rol alan Xalq artisti Həmidə Ömərova isə bildirdi ki, R.Bəxtiyarov sosial şəbəkələrdə xəstəliyi ilə bağlı məlumat yayılmasını istəmir.
“Bu ona psixoloji cəhətdən pis təsir göstərir. İnsan belə çətin vəziyyətdə - xəstəliklə mübarizə apardığı bir vaxtda - sosial şəbəkədə gündəmə çevriləndə özünü məyus hiss edir. Özü ilə danışmışam, mənə deyib ki, hər şey yaxşı olacaq".
Sənətçinin vəziyyəti ilə bağlı son olaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə əlaqə saxladıq. Teatrın mətbuat katibi Cavid Zeynallı bildirdi ki, aktyorun bronxlarında və ciyərlərində ciddi problem - soyuqlama var. O, hazırda ev şəraitində müalicə alır.
Qeyd edək ki, Rəşad Bəxtiyarov "Ata ocağı" da daxil olmaqla bir sıra serial və filmlərdə rol alıb. 2019, 2020 və 2021-ci illərdə Prezident Mükafatına layiq görülüb. 2019-cu ildə ona “Əməkdar artist” fəxri adı verilib.
Töhfə Səməd
tag: Aktyor,Rəşad Bəxtiyarov ,Əməkdar artist ,Sağlamlıq,Todaypress.az,