Şahdağ Milli Parkının İsmayıllı bölməsində nadir heyvanlar vəhşi təbiətə buraxıldı
Mədəniyyət
29.08.2024 22:04
Heydər
Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi və
rəhbəri Leyla Əliyevanın iştirakı ilə Şahdağ Milli Parkının İsmayıllı
bölməsində nadir heyvanların vəhşi təbiətə buraxılması mərasimi keçirilib.
TodayPress xəbər
verir ki, mərasim zamanı nəcib marallar, Dağıstan turu və tirəndazlar xüsusi
seçilmiş təbii ərazilərə buraxılıb.
Qeyd edilib ki,
2022-ci ildə Leyla Əliyevanın iştirakı ilə Şahdağ Milli Parkında xüsusi
ayrılmış yerdə adaptasiya dövrü keçməsi üçün buraxılmış 4 nəcib maral
populyasiya yolu ilə artaraq 10 başa çatıb. IDEA İctimai Birliyi tərəfindən bu
populyasiyaya əlavə olaraq Bakı Zooloji Parkından daha 2 nəcib maral əraziyə
köçürülərək onların ümumi sayı 12 başa çatdırılıb. Beləliklə, tədbir
çərçivəsində 12 nəcib maral, eləcə də Bakı Zooloji Parkında çoxaldılaraq
böyüyən 10 tirəndaz və 3 Dağıstan turu vəhşi təbiətə buraxılıb.
Diqqətə
çatdırılıb ki, Bakı Zooloji Parkının əsas fəaliyyət istiqamətlərindən biri də
Azərbaycanın nadir və nəsli kəsilməkdə olan fauna növlərinin çoxaldılması və
sayının bərpa edilməsidir. Şahdağ Milli Parkında vəhşi təbiətə buraxılan
heyvanlar da IDEA İctimai Birliyi, Bakı Zooloji Parkı və Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin birgə layihəsi olan “Biomüxtəlifliyin inkişaf
etdirilməsi” layihəsi çərçivəsində çoxaldılıb. Layihənin əsas məqsədi ölkəmizin
nadir və nəsli kəsilməkdə olan fauna növlərini, o cümlədən Azərbaycanın
“Qırmızı kitabı”na daxil edilmiş heyvanları çoxaldaraq, onların tarixi
areallarını bərpa etmək üçün vəhşi təbiətə buraxılmasıdır.
Həmçinin
bildirilib ki, IDEA İctimai Birliyinin uğurlu layihələrindən biri də “Zubrların
Azərbaycana reintroduksiyası” proqramıdır. 2019-cu ildən etibarən Qafqazda
nəsli kəsilmiş zubrun təbiətə qaytarılması üzrə IDEA İctimai Birliyi, Ekologiya
və Təbii Sərvətlər Nazirliyi, Bakı Zooloji Parkı və Ümumdünya Təbiəti Mühafizə
Fondunun (WWF) Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən bu proqram
çərçivəsində ölkəmizə Avropanın müxtəlif yerlərindən zubrlar gətirilir.
Proqramın uğurlu icrası nəticəsində Azərbaycanda zubrların sayı artıq 70 başa
çatmaq üzrədir.
Bu cür
layihələr Azərbaycanın biomüxtəlifliyinin zənginləşdirilməsində mühüm rol
oynayır. Layihənin təşkilatçıları Azərbaycan ictimaiyyətini nadir heyvanların
qorunması, sayının artırılması və qanunsuz ovlanmasının qarşısının alınması
istiqamətində fəal olmağa çağırır.
tag: Leyla Əliyeva, İsmayıllı,Təbiət, Ekologiya,İDEA,todaypress.az,