"Rudolfun gündəliyi" adlı sənədli filmin təqdimatı keçirildi

Mədəniyyət

05.06.2024 07:06

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində “Rudolfun gündəliyi“ sənədli filmi təqdim olunub.

TodayPress xəbər verir ki, sənədli filmdə İkinci Dünya müharibəsi bitdikdən sonra hərbi əsir kimi Azərbaycan ərazisində olmuş avstriyalı Rudolf Vaysın xatirələrindən bəhs olunur.

Filmin bədii rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, kinorejissor, Tahir Tahiroviçdir. Filmin ideyası və çəkiliş prosesi barədə açıqlama verən Tahir Tahiroviç  Azərbaycanda müharibə mövzusunda çəkilən bütün filmlərdə döyüş səhnələri deyil, insan taleyi, onların üzləşdiyi problemlər və həyat yoluna nəzər salındığını bildirib.

Filmin təqdimatında  iştirak edən 95 yaşlı Rudolf Vays  sənədli filmin ideyası, onun ərsəyə gəlməsi və təqdimatına görə minnətdarlığını bildirib.

Qeyd edək ki, “Rudolfun gündəliyi” sənədli filmi Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Nova Gorica” kino mərkəzində Rudolf Vaysın xatirələri əsasında istehsal olunub. Sənədli film ilə bağlı Bakı, Salyan və Neftçala şəhərləri ilə yanaşı, həmçinin Azərbaycanın Avstriyadakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində Avstriya ərazisində də çəkilişlər həyata keçirilib. Ekran əsərinin ssenari müəllifi Samir Rzayev, rejissoru Turan Yaqublu, operatoru isə Rafiq Əliyevdir.

 

Günel

tag: Rudolf Vays,İkinci Dünya Müharibəsi,Avstriya,Mədəniyyət Nazirliyi,todaypress.az,