Roza Cəlilovanın 95 illik yubileyi keçirildi

Mədəniyyət

27.06.2024 21:06

1455

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, "Şərəf" və "Şöhrət" ordenli xoreoqraf Roza Cəlilovanın 95 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

TodayPress  xəbər verir ki, tədbirdə Roza Cəlilovanın yaradıcılığından danışılıb, sənət fəaliyyətinə nəzər salınıb.

Tədbir konsert proqramı ilə davam edib. Proqramda Azərbaycan xalq rəqsləri səslənib.

Qeyd edək ki, Roza Cəlilova 1929-cu ildə Qubada anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. İki il Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında fəaliyyətini davam etdirib. 1965-1975-ci illərdə ansamblın rəqs qrupuna rəhbərlik edib.

Rəqqasə uzun illər xoreoqraf kimi də fəaliyyət göstərib. O, 1989-cu ildə yaratdığı "Gülüstan" Mahnı və Rəqs Ansamblı ilə populyarlaşaraq xarici ölkələrdən ardıcıl dəvətlər almağa başlayıb. Sənətkarın repertuarında Azərbaycanın milli rəqsləri ilə bərabər ərəb, fars, hind və bir sıra başqa xalqların rəqsləri də böyük yer tutub. Roza Cəlilova milli xoreoqrafiya sənəti tarixində peşəkar təhsil alan ilk azərbaycanlı rəqqasələrdən biridir.

tag: Roza Cəlilova, Xalq artisti, Rəqqasə, Müslüm Maqomayev,todaypress.az,