Milli Azərbaycan Tarixi Muzeyi və Polşanın Azərbaycandakı səfirliyi arasında Memorandum imzalandı
Mədəniyyət
12.07.2024 02:00
Milli Azərbaycan Tarixi Muzeyi və Polşa Respublikasının ölkəmizdəki
səfirliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanması məqsədilə görüş
keçirilib.
TodayPress Muzeyə istinadən xəbər verir ki, görüşdə muzeyin
elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Fərhad
Cabbarov, Polşanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski,
səfirin müşaviri Mixal Qretzilo, səfirliyin əməkdaşı Katarzina Piaseçka,
muzeyin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd
İsmayılova və həmin şöbənin böyük elmi işçisi Fuad Ağayev iştirak ediblər. Tədqiqatçı
alim Fərhad Cabbarov qonaqları muzeydə yenidən görməkdən məmnunluğunu bildirib
və hər iki ölkənin tarixi əlaqələrindən danışıb.
Sonra tanınmış polşalı memar Yuzef Qoslavskinin vəfatının
120-ci il dönümünə həsr olunacaq sərginin muzeydə təşkili ilə bağlı razılaşma
Memorandumu imzalanıb.
Qeyd edək ki, sərgidə Yuzef Qoslavskinin vaxtilə Bakıda
layihələndirdiyi məşhur binaların 3D formatında təqdimatı, eyni zamanda,
polşalı memarın həyat və yaradıcılığına aid arxiv sənədləri (və ya onların surətləri),
xüsusən də Bakıdakı fəaliyyəti ilə bağlı mətn və vizual materialları yer
alacaq.
Razılaşma ilə bağlı fikir mübadiləsindən sonra qonaqlar muzeyin yeni ekspozisiyası ilə tanış olublar. Ekspozisiyada nümayiş olunan nadir eksponatlar Səfirin marağına səbəb olub.
tag: Polşa, Səfirlik, Muzey, Memorandum, todaypress.az,