Məşhur müğənni “dəniz quldurlarının xəstəliyinə” yoluxdu
Britaniyanın dünya şöhrətli müğənnisi Robbi Uilyams arıqlamaq cəhdlərinin gözlənilməz nəticələri ilə üzləşib.
TodayPress xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.
İncəsənət aləmində qeyri-adi davranışları ilə tanınan sənətçi bu dəfə də heyrətləndirici açıqlaması ilə medianın gündəminə gəlib.
Müğənni bildirib ki, sürətlə çəki itirmək üçün qəbul etdiyi xüsusi preparat onun sağlamlığında ciddi fəsadlara yol açıb. Nəticədə isə ona XVII əsrdə dənizçilər arasında yayılan məşhur xəstəlik – skorbüt (sinqa) diaqnozu qoyulub.
Robbi Uilyams məsələ ilə bağlı "Mirror" qəzetinə verdiyi açıqlamada bildirib ki, o, ötən il çəki problemi ilə mübarizə aparıb və bu məqsədlə xüsusi dərmana müraciət edib.
Nəticədə o, qısa müddətdə təxminən 90 kiloqram arıqlayıb. Lakin bu sürətli dəyişiklik orqanizminə baha başa gəlib.
“Yeməyi tamamilə dayandırmışdım, nəticədə isə orqanizmimə lazım olan vitamin və minerallar çatmırdı. C vitamini çatışmazlığından skorbüt oldum” deyə o açıqlamasında bildirib.
Müğənni bu vəziyyəti zarafatla belə ifadə edib: “Bu, sanki XVII əsrdəki piratların xəstəliyinə yoluxmaq kimidir…”
Qeyd edək ki, skorbüt C vitamini çatışmazlığı nəticəsində yaranan, diş əti qanamaları, halsızlıq və immun sistemin zəifləməsi ilə müşayiət olunan qədim, amma müasir dövrdə nadir rast gəlinən bir xəstəlikdir.
Töhfə Səməd
tag: Robbi Uilyams,Müğənni,Skorbüt,Xəstəlik,Todaypress.az,