“Mənəm, mən” tamaşası nümayiş olundu

Mədəniyyət

13.06.2024 09:44

Dövlət Yuğ Teatrı “Mənəm, mən” tamaşasını Daşkənddə nümayiş etdirib.

TodayPress xəbər verir ki Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günləri maraqlı tədbirlərlə davam edir. Tədbir çərçivəsində Azərbaycan Dövlət Yuğ Teatrının kollektivi Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun (ÖDSMİ) səhnəsində “Mənəm, mən” tamaşasını nümayiş etdirib.

Səhnə əsərini ÖDSMİ-nin professor-müəllim heyəti və tələbələri, qardaş ölkənin mədəniyyət, incəsənət xadimləri izləyiblər.   

Yazıçı-dramaturq İlqar Fəhminin əsəri əsasında 2019-cu ildə, mütəfəkkir şair İmadəddin Nəsiminin (1369–1417) 650 illiyi münasibətilə hazırlanan tamaşaya Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə quruluş verib. Tamaşanın rəssamı Vüsal Rəhim, bəstəkarı Xalq artisti Aygün Səmədzadədir. 

Janrı mistik-psixoloji dram kimi təyin edilən tamaşa Azərbaycan Dövlət Yuğ Teatrı və Türk Mədəniyyəti və İrsi Fondunun birgə layihəsi əsasında ərsəyə gətirilib.

Səhnə əsərində hürufilik anlayışı elm, eşq, ilahi yazı və övliyalıq kimi tamaşaçıya təqdim olunur. Kollektiv fərqli zaman və məkan anlayışlarını səhnədə cəm etməklə özbək tamaşaçıları Nəsiminin dövrü, eşqi, kədəri, sevinci, həqiqəti, ölümü və ölümsüzlüyü ilə tanış ediblər.

Tamaşa sənətsevərlər tərəfindən alqışlarla qarşılanıb.

Günel

tag: Tamaşa, Mənəm Mən, Azərbaycan, İlqar Fəhmin, Səhnə, todaypress.az,

photo